“Hələ heç nə bitməyib” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Hər zaman məşqçinin dəyişiklikləri uğurlu olmaya bilir. Bu dəfə də alınmadı. Bu, futboldur. Realist olmalıyıq. Futbolçular da bunu anlamalıdırlar ki, oyuna belə çıxmaq olmaz. Hər şeyini ortaya qoymaq lazımdır. Oyuna çox yaxşı, istəkli, əhval-ruhiyyəli başladıq. Azarkeşlərə təşəkkür edirəm ki, gəlib əsl oyun havası yaratdılar. Motivasiyalı idik. Əfsuslar olsun ki, lazım olanı edə bilmədik. Qırmızı vərəqədən sonra daha çox rahatlaşmış kimi olduq. Azarkeşlərimiz adından da üzücüdür ki, bu qələbəni onlara bəxş edə bilmədik. Lakin növbəti oyunlar var, hələ heç nə bitməyib. İndi oturub rahat danışmaq olur ki, kaş belə olsaydı… Hücumu gücləndirmək istədik, lakin alınmadı. Oyuna hazırlaşanda rəqibə görə hazırlaşırsan. Medinanın “qırmızı” almağı hər şeyi dəyişdirdi. Görünən odur ki, bu məqam oyunumuzu pozdu. Bir tərəfdən bu, xoş idi, ancaq əfsuslar olsun ki, oyunun sonu belə oldu. İnşallah ki, bunun təsiri olmaz. Digər oyunlara daha yaxşı hazırlaşacağıq. Düşünürəm ki, son oyunları doğrudan da yaxşı, motivasiyalı oynadıq. Üstümüzdə psixoloji təzyiq var idi. Bu şəkildə oyunçuları hazırlamaq çox çətindir. Ancaq oyunçularımız qələbəyə köklənir. Davam edib, ən yaxşısı nədirsə, onu etməyə çalışacağıq”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button