
Hə, AFFA, bu başqa məsələ!
Rəşad Ergün
Deməli, ağılla, başla, ağıllı başla və ağıllı-başlı qərarlar vermək olarmış. AFFA İcraiyyə Komitəsinin bu gün qəbul etdiyi qərarlar aydın, məntiqli qərarlardır.
Ən vacibi, AFFA-nın əvvəlki rəhbərliyi dövründə dəfələrlə edildiyi kimi, idman prinsiplərinə və reqlamentə tüpürülmədi.
Növbəti mövsümdən Premyer Liqada 12 komandanın oynamasını planlaşdırırsansa, bunun üçün ən yaxşısı elitanı bir klubun tərk etməsi, 1-ci liqadan yuxarı 3 komandanın gəlməsi idi. Belə də olacaq. AFFA-nın bu məsələ ilə bağlı bundan başqa, istənilən qərarı qüsurlu olacaqdı.
12 komandalı çempionat üçün əvvəldən “altılıq sistemi” kimi fikirlər səsləndirilsə də, bu məsələdə də daha uyğun, məntiqli qərar verilib. Yeni mövsümdən 3 dövrəli, 33 turdan ibarət çempionat izləyəcəyik. Üçüncü dövrənin oyunlarında meydan sahibləri komandalar püşkatma vasitəsi ilə müəyyənləşəcək. Həmişə istənilən yarışda, mübarizədə komandaların, insanların taleyinə “kor püşk”ün qərar verməsinə qarşı olmuşam. Amma “altılıq sistemi”ndənsə 3 dövrəli çempionat daha yaxşıdır və tək qalan dövrənin oyunlarında meydan sahibi komandanı müəyyən etmək üçün püşk yeganə çarədirsə, buna da xub!
Azərbaycan futbolunun başında duranlardan hər zaman idman prinsiplərinə sayğı, ədalətli qərarlar vermələrini istəmişik. Qanunlara, qaydalara kağız parçası kimi baxılıb, ayaqlar altına atıldığı yerdə inkişafdan, ümumiyyətlə, yaxşı heç nədən danışmaq olmaz. İndi deyəsən, danışmaq üçün yaxşı nəsə var…
Bizi Facebook-da izləyin