“Hər şeyi fikirləşsəm, başım partlayar” – Aleksey Baqa
“Sumqayıt”ın baş məşqçıisi Aleksey Baqa Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, qolsuz bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Kifayət qədər maraqlı oyun oldu. Hər iki komanda qol vəziyyətləri yarada bildi. Sıx qrafiklə üzləşmişik. Bu qarşılaşma emosiyalarla dolu idi. Mübahisəli penalti epizodu zamanı hakimin nə düşündüyünü deyə bilmərəm. Referi VAR-a baxanda oraya yaxınlaşmaq olmaz. Hakim nə qərar veribsə, hörmət etmək lazımdır”.
Baqa ardıcıl 3 matçda qol vura bilmədiklərini xatırladıb: “Nə vaxt qol vuracağımızı bilsəydim, resepti sizə də deyərdim. Bunun üzərində işləyirik. Oyunçular da çalışır. Vaxt barədə nəsə deyə bilmərəm. Bu, hamiləlik deyil ki, 9 aydan sonra nəsə gözləyək”.
Mütəxəssis güclü komandaya qarşı oynadıqlarını söyləyib: “Rəqib avrokuboklarda iştirak edib. Heç bir idmançı və ya məşqçi məğlub olmaq istəmir. Hər görüşdən əvvəl oyunçuları və özümüzü yalnız qələbəyə kökləyirik”.
Baş məşqçi “bu mövsüm rəhbərlik sizə nə qədər limit qoyub” sualını da cavablandırıb: “Mənim işim məşqlərə və oyuna hazırlıqdır. Kabinetlərdə, ofislərdə nə danışılırsa, mənə aid deyil. İstəyirsinizsə, “Atalanta”- “Milan” oyununu müzakairə edə bilərik. Hər şeyi fikirləşsəm, başım partlayar. “Sumqayıt”ı götürdüyüm vaxtdan bütün məsuliyyət mənim üzərimdədir”.
Bizi Facebook-da izləyin