“Hər hərəkətimdə söyüş eşidirəmsə, axır-əvvəl partlayacam”
“Neftçi”nin baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasında azarkeşlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, ötən tur “Qarabağ”a böyük hesabla (0:4) uduzmuş “ağ-qaralar”ın çalışdırıcısı buna görə ruhdan düşmədiklərini bəyan edib:
“Qarşıdakı oyuna hazırlaşırıq. Başqa çıxış yolumuz yoxdur. İşimizi peşəkarlıqla yerinə yetirməyə çalışırıq. Son oyun üzücü idi. İşimiz komandanı həmin stresdən çıxarmaqdır. Dünya dağılmayıb. Təzyiqlər udanda da, çempion olduqdan sonra da var idi. Komandanı bundan uzaq tutmağa çalışıram. Çünki hələ heç nə bitməyib. Yolumuza davam edirik. Depressiyaya girsək, onun altından çıxa bilməyəcəyik”.
Onun sözlərinə görə, “Qarabağ”la “Neftçi” arasında yerli futbolçular baxımından nəzərəçarpacaq fərqlər var:
“Bu, həm keyfiyyət, həm də təcrübə baxımından özünü göstərir. Bunu aradan qaldırmağa çalışırıq. Çempionluqdan danışırıqsa, sabah bizim üçün göstərici “Qarabağ” kimi rəqiblərə qarşı oyunlar olacaq. Bu gün biz həmin tələblərə cavab vermirik. Bu, reallıqdır. Gənc futbolçularımızın səhv edə biləcəyini əvvəlcədən bilirik. “Qarabağ”ın bizi bu yöndə üstələdiyi göz qabağındadır”.
Abasov, həmin matçın start heyəti ilə bağlı səhvlərinin olduğunu etiraf edib:
“Tyaqo Bezzerra start heyətdə meydana çıxmalı idi. Mirabdulla Abbasov meydana əvəzetmədən daxil olanda daha faydalı olur. Amma yerli oyunçu limitinə görə belə addım atdıq. Fiaskonu boynumuza alırıq. Lakin başqa cür oynaya bilməzdik. Heyətin tam formalaşması üçün vaxt lazımdır. Yerli futbolçularımız böyük oyunlarda təcrübə toplaya-toplaya inkişaf edəcəklər. Vəziyyətimiz faciəvi deyil. Doğru yoldayıq. Hazırkı komanda son illərin “Neftçi”sindən xeyli fərqlənir. Əvvəlki ruhumuz qayıdıb. Əhval-ruhiyyə əladır. Tənqiddən nəticə çıxaran futbolçularla işləyirik”.
Samir Abasov “Qarabağ”la oyunda rəqib azarkeşləri təhqir etdiyi üçün AFFA İntizam Komitəsinin ona 5 oyunluq cəza verməsinə də münasibət bildirib:
“Hər dediyim özümə haqq qazandırmaq kimi qəbul olunacaq. Azarkeşi söymüşəmsə və mənə bu cəzanı veriblərsə, haqlıdırlar. Özümü bəzarət altında saxlamalıyam. Amma həmin anda hisslərimi cilovlaya bilməzdim. Hər bir qurum öz işində diqqətli olmalıdır. Mən “CBC Sport”a müsahibə verərkən azarkeşlər qışqırıb nalayiq sözlər işlədirsə, əvvəlcə buna çarə qılmalısınız. Yaxud da “Azersun Arena”da yerli fanatları rəqib komandanın məşqçilər heyətinin yer aldığı texniki zonanın arxasında yerləşdirirlər. Onlar da oyun başlayandan dayanmadan bizi söyürlər. Hansı mentalitetə sahib olduğumuzu bilirsiniz. Nə qədər peşəkar olsan da, alınmır. Hətta Qurban Qurbanov kimi səbirli insan AEL-lə Kiprdəki avrokubok matçında az qala tribunaya qalxacaqdı”.
Abasovun sözlərinə görə, azarkeşlər səni söyürsə, mütləq cavabı olacaq:
“Belə olanda da əziyyətini biz çəkirik. İstəyirsən, həmin azarkeşləri Qurban müəlimin arxasında otuzdur, qoy, nə deyirlərsə, desinlər. Hər hərəkətimdə söyüş eşidirəmsə, əlbəttə, axır-əvvəl partlayacam”.
Bizi Facebook-da izləyin