“Hələ deməyə sözümüz var” – Tahir Gözəl
“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Bəlkə də “Qarabağ”ın tarixindəki ən gözəl matç idi. Möhtəşəm oynadıq. Statistik göstəricilərdə rəqibi tam üstələdik. Topa sahibolma nisbəti 55:45 bizim tərəfimizdə idi. İkinci hissədə 10 nəfərlə oynasaq da, yenə matça biz nəzarət edirdik. Ötürmələrin dəqiqliyi 82 faiz idi. Bunlar önəmli rəqəmlərdir”.
Gözəlin sözlərinə görə, qrupdakı vəziyyət “Nant”ın vurduğu qollardan sonra dəyişib: “Yaddan çıxarmayaq ki, rəqib Bundesliqa təmsilçisi idi. Büdcələri 100 milyonlarla ölçülür. Futbolçularının dəyəri 3-5 milyon arasında dəyişir. Əlbəttə, “Qarabağ”la fəxr edirəm. Çox gözəl oyun alındı”.
O, Konfrans Liqasında öz sözlərini deyəcəklərini vurğulayıb: “Arzum əvvəlcə 1/4 final, ardınca isə yarımfinal oynamaqdır. Finaladək getmək istəyirik. Özümüzə inanırıq. Bu mövsüm Avropa Liqasının ən yaxşı 3 komandasından biri məhz “Qarabağ”dır”.
Transfer məsələsinə də toxunan klub prezidenti indiki məqamda bunu fikirləşmədiklərini əlavə edib: “Çünki pəncərə bağlıdır. Gələcəkdə isə komanda mütləq güclənəcək. Hər zaman bu barədə düşünürük. Daim axtarışdayıq”.
Gözəl hakim idarəçiliyindən narazılığını gizlətməyib: “Mənə xoş təsir bağışlamadı, peşəkarlıqdan uzaq göründü. Qırmızı vərəqəyə layiq deyildik. Çox ağır qərar oldu. Bu, gələcək matçlarımıza da təsir göstərəcək. Vurduğumuz qollar sayılmadı. Həm sevindik, həm üzüldük. Lakin qərarlara hörmətlə yanaşırıq”.
Konfrans Liqasında hədəflərinin böyük olduğunu söyləyən funksioner mübarizənin davam etdiyini bildirib: “Millət olaraq, son damla qanımıza qədər vuruşacağıq. Bu gün “Qarabağ”ın arxasındakı güc bizə ümid verir. Bizi buraya gətirən Ali Baş Komandanın, xalqın inamıdır. Sonadək mübarizə aparacağıq. Hələ deməyə sözümüz var”.
Bizi Facebook-da izləyin