Klub rəsmisi “Kəpəz”lə bağlı söz-söhbətə aydınlıq gətirdi

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz”də gözlənilməz hadisələrin cərəyan etdiyi deyilir. Büdcə artımı ilə iddialı vəziyyətə gələcəyi gözlənilən Gəncə təmsilçisində işlərin yolunda getmədiyi iddia olunur. İddiaya görə, rəhbərlik son iclasda azarkeşləri üzəcək, futbol ictimaiyyətini təəccübləndirəcək qərarlar qəbul edib.

Yeni rəhbərliyin gəlişinin ardından Gəncə futbolunda yüksəliş olacağını zənn edənlər yavaş-yavaş bu fikirdən daşınmalı olacaq. Çünki klubun İdarə Heyətinin sədri Namiq Qədirov “Kəpəz”ə gözlənilən maliyyə dəstəyini verməyəcək. (“İdmanxeber.az”)

Bu kimi məsələlərlə yanaşı, “Kəpəz”in akademiyası və aşağı yaş qruplarının gələcək taleyi ilə bağlı bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gəray Qiyasovla əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında iclasda maliyyə dəstəyinin olmayacağı ilə bağlı danışığın olmadığını bildirib:

“İclasda elə bir şey olmayıb: yəni, guya maliyyə dəstəyi olmayacaq. Orada deyilən söz o olub ki, əsas komandanı qaldırmağa çalışacağıq. Və komanda üçün də hər cür maliyyə ayrılacaq”.

O, Qədirovun klubun akademiyası və aşağı yaş qrupları üçün ciddi işlər görmək niyyətində olmadığı haqda deyilənlərə də münasibət bildirib:

“Onlar da olacaq, amma əsas diqqət birinci komandaya yönələcək. Akademiya və aşağı yaş qrupları kənarda qalmayacaq. Belə bir şey olmayacaq. İndiyədək akademiyada nə işlər görülübsə, hamısı davam edəcək. AFFA-nın ayırdığı büdcə var, hansı ki, bunlar istər-istəməz uşaq futboluna ayrılmalıdır. Yəni, onlar öz yerində qalır”.

Qiyasov Gəncə təmsilçisinin yeni mövsümdəki hədəflərindən də danışıb:

“Hədəfimiz odur ki, yeni mövsümdən Premyer Liqada qalmaq uğrunda mübarizə aparmayaq. Bu bir az kənardan ikibaşlı başa düşülür. Komanda yeni qurulur, futbolçuların əksəriyyəti gedib və heyətdə yeni oyunçular çox olacaq. Yeni gələnlər mütəmadi olaraq açıqlanır və açıqlanacaq da. Yeni transferlər olunub və mövsümün startına kimi də olacaq. Plan da odur ki, “Kəpəz”i Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komanda kimi saxlamayaq. Ən azı, heç olmasa, 5-ci, 6-cı pilləyə kimi yüksələ bilək”.

Klub rəsmisi stadion məsələsinə də aydınlıq gətirib:

“Bu, Gənclər və İdman Nazirliyi ilə bağlı məsələdir. Təmir-tikinti işləri MDB oyunlarına kimi başa çatmalıdır, bu oyunların açılışına kimi hazır olmalıdır. Sadəcə olaraq, MDB oyunlarından sonra ot örtüyünün vəziyyəti nə yerdə olacaq? Bizim ora gəlməyimiz artıq ot örtüyündən asılı olacaq. Çünki açılış-qapanış mərasimlərində otun üstü örtüləcək. Bundan sonra qazonun vəziyyəti nə yerdə olacaq? Nədir, nə deyil – yəni, bunlardan asılıdır. Heç bir problem olmasa, MDB oyunları bitən kimi biz orada oyunlarımızı keçirəcəyik. Ot örtüyü yaxşı halda olmasa, yansa, onda artıq onu yeniləmək, dəyişmək… Nə vaxt hazır olsa, onda ora qayıdacağıq”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button