“Hədəfim PSJ-də oynamaqdır” – Azərbaycan millisinin hücumçusu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Antalyaspor” klubunun hücumçusu Ege Bilsel gələcəkdə Türkiyənin əsas milli komandasında oynamaq arzusunda olduğunu bəyan edib.

Komanda.az xəbər verir ki, ilk dəfə 2020-ci ildə U-17 yığmamıza, ötən ildən isə U-19 millimizə çağırılan gənc futbolçu DHA-ya açıqlamasında Azərbaycanı seçməsinin səbəbini belə izah edib:

“U-14 yığmasında oynadıqdan sonra Türkiyənin aşağı yaş qrupu üzrə digər komandalarından dəvət almadığım üçün qardaş ölkə Azərbaycandan gələn təklifi qəbul etdim. Azərbaycan tərəfi məni izləyirdi və klubuma məktub yollamışdı. Ardından mənimlə təmas qurdular, dəvəti müsbət cavablandırdım. Düşündüm ki, özümü orada daha yaxşı göstərə biləcəyəm. Ən böyük hədəflərimdən biri isə Türkiyənin A millisinin formasını geyinməkdir”.

Ege Bilsel Azərbaycan yığmasının formasını geyindiyi üçün çox xoşbəxt olduğunu qeyd edib: “Dəvət gələndə Azərbaycanın U-17 yığması Avropa çempionatında iştirak edəcəkdi. Qrupumuzda İspaniya, Belçika və Lüksemburq var idi. Gözəl vitrin idi, ispaniyalı və belçikalı skautlar oyunumuzu izləyəcəkdilər. Azərbaycanı seçdiyim üçün çox xoşbəxtəm. Yaxşı ki, getmişəm. İki dövlət, bir millət anlayışını orada gördüm. Türkiyəli olduğum üçün məni daha çox sevdiklərini hiss etdim. Oradakı komanda yoldaşlarımın hamısının xətrini çox istəyirəm. Onları Türkiyənin ən gözəl şəhəri olan Antalyaya dəvət etmişəm”.

Milliləşdirilmiş futbolçu Braziliya yığmasının lideri Neymarı özünə örnək götürdüyünü bildirib: “Böyük futbolçu olmaq, nəhəng klublarda oynamaq istəyirəm. Uşaqlığımdan Neymarı özümə nümunə götürmüşəm. Meydançadakı oyunundan tutmuş, saç stilinə qədər, onu hərtərəfli izləyirəm. Kilian Mbappeni də bəyənirəm. Super Liqada özümü təsdiq etdikdən sonra Avropaya yollanmaq istəyirəm. Hədəfim Fransada PSJ-nin formasını geyinməkdir”.

“Antalyaspor”un yetirməsi olan Ege Bilsel hazırda bu klubun U-19 komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button