“Divizionu çempion bitirib, elitaya yüksələ bilməyəndə futbolçuda ruh düşkünlüyü yaranır” – Müsahibə
Gəncənin “Kəpəz” komandasının baş məşqçisi Yaşar Vahabzadənin Komanda.az saytına müsahibəsi:
- “Kəpəz” yeni mövsümün hazırlıqlarına başlayıbmı? Başlamamısızsa, planlarınız nədir, nə vaxt toplaşacaq komanda?
- Komanda hazırda istirahətdədir. Ayın 20-sindən məşqləri bərpa etməyi planlaşdırırıq. O da divizionun startı ilə bağlıdır. Futbolçularla əlaqədəyik, onlarla mütəmadi danışırıq.
- Komandanın heyətində dəyişiklik var? Gedənlər və gələnlər var?
- Gedənlər də var, gələnlər də. Bəzi oyunçularla da hələ danışıqlarımız davam edir.
- Komandaya yeni qoşulanlar kimlərdir?
- Bəzi futbolçularımız komandalarını dəyişib, bəzilərinin müqaviləsi yenilənməyib. Heyətimizə yeni dörd futbolçu qatmışıq. Bəziləri də var ki, danışıqlar aparırıq. Bəhruz Teymurov, Elçin Əlicanov, Vüqar Əlihəsənov və Nicat Süleymanovla müqavilə imzalamışıq. Qalan futbolçular da var ki, danışıqlarımız gedir. Ötən mövsüm komandada olan bəzi futbolçularla da yeni müqavilə imzalayacağıq.
- AFFA Premyer Liqa təmsilçisi “Keşlə”nin büdcəsini azaldıb. “Kəpəz”də vəziyyət nə yerdədir? Büdcədə və məvaciblərdə azalma var?
- Büdcə ilə bağlı dəyişiklik yoxdur. Nə azalma var, nə də artma. Ötən mövsüm necə idisə, indi də elədir. Futbolçuların məvacibləri divizion komandalarına uyğundur.
- Birinci divizionda komanda sayı artırılıb və “Zirə” ilə “Səbail”in də əvəzediciləri mübarizəyə qoşulacaq. “Kəpəz”in yeni mövsümdə hədəfi nə olacaq?
- Komanda sayı artır. “Qəbələ”nin də əvəzedici komandası gələ bilər, hələ bilinmir. Çalışacağıq ki, ilk üçlükdə olacaq. Əsas məqsədimiz budur. Komandanı yeni formalaşdırırıq.
- Artıq neçə ildir ki, diviziondan Premyer Liqaya yüksələn komanda olmur. Buna baxmayaraq, hazırlaşmaq, yuxarı pillələr üçün oynamaq çətin olmur?
- Diviziondan komanda qalxsa, yaxşı olar. Xüsusilə də, bölgə komandaları. Premyer Liqada nə qədər komanda olsa, bir o qədər yaxşıdır. Bu zaman futbolçu seçimi də çox olar. Bu, milli üçün də faydalı olar. Futbolçuların hədəfləri odur ki, özlərini yaxşı tərəfdən göstərsinlər, Premyer Liqa klublarına keçə bilsinlər. Komanda sayının artırılması bizdən asılı deyil. Biz məşqçiyik, işimiz komandaları hazırlamaqdır. Premyer Liqaya yüksəlmə olsa, yaxşı olar. Futbolçu klubla müqavilə bağlayır və onun işi oynamaqdır. Divizionu çempion bitirib, elitaya yüksələ bilməyəndə futbolçuda ruh düşkünlüyü yaranır. Hər futbolçu ümid edir ki, Premyer Liqada komanda sayı arta bilər, o da elitada çıxış edə bilər. Futbolçular da vəziyyəti başa düşür. Onların işi meydana çıxıb, yaxşı oyun göstərməkdir. Biz də məşqçi olaraq onları ruhlandırır, ümid veririk.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin