“Şeydayev bu seçimi etməklə maliyyə məsələsini birinci yerə qoyduğunu göstərdi” – AÇIQLAMA

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağının dəqiqləşdiyi haqda xəbər vermişdik.

Onun illik 1 milyon dollar maaş müqabilində Asiya ölkəsinə – Taylandın “Buriram Yunayted” klubuna yollanacağı gözlənilir.

Məsələ ilə bağlı tanınmış futbol meneceri Tural Əsgərovun fikirlərini öyrəndik. Əsgərov, Komanda.az-a açıqlamasında “Şeydayevin Taylanda getməsi onun potensialına, gələcəyinə necə təsir edəcək” sualını belə cavablandırıb:

“Aydın məsələdir ki, Ramil bu seçimi etməklə maliyyə məsələsini birinci yerə qoyduğunu göstərdi. Lakin mən inanmıram ki, milli komanda ciddi mənada itirəcək. Bu məqam onun potensialına necə təsir edəcək? Bunu gələcəkdə görəcəyik.

Guya, “Legiya” və ya “Dinamo”ya (Zaqreb) getsə, potensialına müsbət təsir göstərəcəkdi? Adam Rusiyada da, Türkiyədə də, deyəsən, Slovakiyada da çıxış edib. Sadaladıqlarım onun potensialına müsbət təsir etdimi?

Mənə, “Şeydayevin yerində olsan, belə seçim edərdin” sualını ünvanlasaz, cavabım belə olardı: Onun yerində olsam, bəlkə də, belə seçim etməzdim. Amma Ramilin yanlış seçim etdiyini də deyə bilməyəcəm. Gələcək hər şeyi göstərəcək. Getsə, ən azı maliyyə baxımından onun üçün çox uğurlu olar. Ramilə uğurlar!”

Şeydayev cari mövsümdə “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 23 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “köhlən atlar”la sözləşməsi iyunun 30-da sona çatacaq.

Rəşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button