Güləş Federasiyasından Qazax şəhərində seminar
Azərbaycan Güləş Federasiyası (AGF) Qazax şəhərində seminar keçirib.
Komanda.az xəbər verir ki, tədbirdə Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak ediblər.
Seminarın həm nəzəri, həm də praktiki hissəsi Qazax Olimpiya İdman Kompleksində baş tutub. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev seminarın regionda məşqçilərin bilik və bacarıqlarının təkmilləşməsinə böyük töhfə verəcəyini bildirib.
Hakimlər Kollegiyasının sədri Qərib Əliyev Azərbaycan Güləş Federasiyasının həyata keçirdiyi layihələrdən söz açıb, Qərb bölgəsinin Azərbaycan güləşində böyük rola sahib olduğunu qeyd edib. Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Nazim Əlicanov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Nazim Əhmədov bu bölgədən olan həmkarlarına öz tövsiyələrini çatdırıblar. Yerli mütəxəssislərin fikirləri dinlənilib, problemlər və onların həlli yolları səsləndirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Daha sonra seminarda nümayiş etdirilən video görüntüləri şərh edən I-S kateqoriyalı referi Sədi Quliyev müxtəlif görüşlərdə verilən hakim qərarlarına toxunub.
Tədbirin praktiki hissəsində N.Əlicanov sərbəst güləşdə ən çox istifadə edilən fəndlərin dəqiq icrasını nümayiş etdirib. N.Əhmədov isə yunan-Roma güləşində parterdə həyata keçirilən fəndləri və həmçinin, bu fəndlərdən müdafiə üsullarını göstərib.
Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Gəncə şəhərində keçiriləcək.
Bizi Facebook-da izləyin