Gülə-gülə, inadkar oğlan!
Rəşad Ergün
Onunla şəxsi tanışlığım “Komanda” qəzetinin yenicə işıq üzü görməyə başladığı dövrə təsadüf etmişdi. “Neftçi” tarixinin daha bir biabırçı dönəmini yaşayırdı, indi həm də vitse-prezident olan AFFA-nın baş katibi Elxan Məmmədovun vasitəsiylə Hans Yurgen Gede “ağ-qaralar”ın başında baş məşqçiliyi öyrənməyə çalışırdı, komandada hərc-mərclik hökm sürürdü. Rəşad Sadıqov da o hərc-mərclikdən başını götürüb qaçmışdı. Basketbol çempionatında gücünü sınamaq fikri də həyata keçirmək istədiyi arzudan çox, küskünlükdən qaynaqlanırdı. Dəvət etdik, ofisə gəldi, o günlərdə gündəmə çevrilən müsahibə çıxdı ortaya. Ondan sonrası spontan gedişat idi; ölkənin müstəqillik dövrünün ən inadkar futbolçusu ilə yaxşı münasibət formalaşdı. Berti Foqtsun rəhbərliyi altında millinin hansısa biabırçı oyunundan sonra zəng edib tənqid də edirdim, Türkiyə Super Liqasında “Fənərbaxça”ya qarşı uğurlu görüşdən sonra mesaj yazıb, təbrik də. Çox oldu – tənqidlər də, təriflər də. Bəlkə, qəzetdə, saytda şəxsən imzamla gedən yazılarda onu hansısa zəif oyununa görə tənqid etməyimdən incidi, amma bunu heç vaxt hiss etdirmədi. Nə vaxtsa müsahibə götürmək istəyəndə, durub ofisə gəldi yenə: təkcə ona görə ki, “bağışla, bu mövzuda müsahibə vermək istəmirəm” sözünü üzbəüz desin.
Rəşad Sadıqov “futbolçu üçün istedaddan daha önəmli olan xarakterdir” ifadəsinin bariz nümunəsi oldu həmişə. O, futbolçu kimi heç vaxt təslim olmadı. Başqaları pula görə Biləcəridən bu tərəfdə qalanda, o, Türkiyəyə getdi, həm də, bir dəfə yox, bir neçə dəfə. Ayağında ağrılarla, dişini dişinə sıxıb, meydana çıxdığı oyunlar da oldu, tənqid edildiyi qarşılaşmalar da. Ancaq o, davam etdi. Adamın xarakteri budur, bir də, çox az futbolçuda olan inadkarlığı. Arada “Qarabağ”ın, milli komandanın uduzduğu oyunlardan sonra “olanımız budur” şəklində etirafları da oldu. Amma onda da çox adam bilirdi ki, klubda, ya da milli komandada o etirafı etməli olan sonuncu adam Rəşaddır. Axı o, oyuna çıxanda olanını, hətta olmayanını da meydanda qoyub həmişə.
“Qarabağ”ın avrokuboklarda illərdir davam edən macərası da onun Bakıda “Rusenborq”a vurduğu qolla başlamışdı. Ölkənin o günlərədək qələbə adına yoxsul könlünü futbola verən azarkeşlərini sevincdən dəli olmaq həddinə çatdıran o qolla. Hətta xatırlayanda da dəli olmaq olar…
O, bütün bu illər ərzində çox tənqid olundu, tərif eşitdi, haqqında çox söz deyildi, mübahisələrə səbəb oldu. Amma əksəriyyətin qəbul etdiyi sadə bir həqiqət var: Azərbaycan müstəqillik əldə edəndən sonra Rəşad Sadıqovdan daha yaxşı futbolçu olmadı. Bəlkə də, ondan daha istedadlılar oldu, ancaq onlarla Rəşad arasında bir çizgi var idi – xarakter.
Azərbaycan futbolu bundan sonra ikinci Rəşad Sadıqovu “doğacaq”, yoxsa “qısır” olacaq, bu, zamanın cavab verə biləcəyi sualdır. İndi isə… Gülə-gülə, inadkar oğlan!
Bizi Facebook-da izləyin