Güclü olan yox, yerli olan oynasın! – Azərbaycan klubunun şüarı
Bir vaxtlar Azərbaycan telekanallarında “Hamı yerli mal alsın, xeyir vətənə qalsın” başlığı altında populizmin zirvəsi olan reklam çarxı fırlanırdı. Telekanallar bu reklamla ölkə vətəndaşlarına demək istəyirdilər ki, pomidorun, kartofun, meyvə şirələrinin ən yaxşısını xaricə, xüsusən də, Rusiya bazarına göndərək, çürük, əzik-üzük, keyfiyyətsiz məhsulları da siz alın, vətənə xeyriniz dəysin.
Bizdə “Şamaxı” adlı bir komanda var, Premyer Liqada oynayır. “Oynayır” demək də bir az düz deyil, sürünür – turnir cədvəlinin son pillələrində. Komanda mövsüm başlayandan 11 oyuna çıxıb, 4 dəfə heç-heçə edib, 7 məğlubiyyəti alın yazısı kimi üzərində gəzdirir.
Bu “Şamaxı” dünən bir açıqlama yayıb, məşqçilər heyətinin işindən razı olduqlarını bildiriblər. Klub rəhbərliyinin məşqçilər heyətindən razı olub-olmaması ilə işim yox, öz işləridir. Amma açıqlamada bəzi ifadələr var ki, oxuduqca adamı gülmək tutur:
“Yeni klub rəhbərliyinin başçılığı altında mövsümə başlayan komandamızın əsas strategiyası gənc və yerli futbolçulara şans vermək, onları Azərbaycan futboluna qazandırmaqdır. Təsadüfi deyil ki, komandamızın 5 üzvü milli komandalara mütəmadi olaraq dəvət alır…
…Strategiyamızı davam etdiririk, qış fasiləsində ehtiyac yaranarsa, heyətimiz gənc və yerli futbolçularla gücləndiriləcək. Qış fasiləsində legioner futbolçuların cəlb edilməsi klubumuzun strategiyasına uyğun deyil.
Hədəfimizə doğru irəliləyirik, gələcəkdə daha çox yerli və gənc futbolçuların istedadlarını kəşf edib Azərbaycan futboluna qazandıracağımıza inanırıq”.
Bu açıqlama saxtakarlığın, populizmin birbaşa özüdür.
Ay bəy, ay “futbol dahiləri”, peşəkar futbolda, yüksək liqada çıxış edən peşəkar klubun “kitab”ında “yetişdirmək, çoxaltmaq, bala əldə etmək, dibinə gübrə töküb, meyvəsini gözləmək” kimi terminlər yoxdur, olmamalıdır! Peşəkar futbolun və peşəkar klubun bəlli hədəfləri olur, o da çıxış etdiyi liqalarla, turnirlərlə bağlı. Məsələn, çempion olmaq, avrokuboklara vəsiqə qazanmaq, yüksək liqada qalmaq. “Şamaxı”nın bəyanatında bunların heç biri yoxdur. “Şamaxı”nın bəyanatında bu var ki, güclü olan yox, yerli olan oynamalıdır. Bu, necə məntiqdir? Və ya, bu nə biabırçı, savadsız, cahilcə məntiqdir! Futbolçunun yetişdirilməsi üçün akademiyalar, müxtəlif yaş qrupları üzrə komandalar, çempionatlar olur.
Deyirlər ki, “Şamaxı”nın 5 üzvü milli komandalara dəvət alır… Elə ona görədir də, Azərbaycanın milli komandaları bu gündədir.
“Sumqayıt” adlı bir komanda da var. Onlar da lap yaxın dövrə qədər sinələrinə döyüb, “biz yerli futbolçulara şans veririk, Azərbaycan futbolunun gələcəyini düşünürük” kimi əttökən açıqlamalar verir, İrandan olan futbolçulara milli pasportları verib, doldururdular komandaya. Elə ki, gördülər bu istənilən nəticəni vermir, Azərbaycan futboluna da, gələcəyə də tüpürüb, bu dəfə legionerlərə qucaq açdılar. Amma necə həyəcanlandılarsa, harda keyfiyyətsiz əcnəbi futbolçu var, onları transfer ediblər.
Nə isə…
Buraxın bu işlərin başını. Buraxın bu populizmi, saxtakarlığı. Ya futbolla məşğul olun, ya da, illah da bir şey yetişdirmək istəyirsizsə, əlinizə “lopatka” alın, pomidor, kartof, badımcan əkin. (Meydan.TV)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin