Gözünüzün içinə kimi yalan danışırsız, ağa canı

Rəşad Ergün

Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor, 82 yaşlı (!) Ağacan Əbiyev Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyətinə görə AFFA rəhbərliyini istefaya səsləyən azarkeşləri yıxıb-sürüyüb.

82 yaşlı (!) deputat deyib ki, “Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir.

Görək, azarkeşlər futbol oynayanda necə udurlar? Bəs komandamız qalib gələndə niyə azarkeşlər təşəkkür etmirlər? Bir komanda udanda digəri uduzar, bu, həyatın qanunudur.

Digər tərəfdən isə dünyada elə dövlətlər var ki, onlar futbolun inkişafına Azərbaycandan dəfələrlə çox vəsait ayırırlar. Ancaq Azərbaycan komandası onlardan üstün olur”.

Əvvəla, Milli Məclis adlanan deputatxanadakı deputatlardan biri bu qocaya (82 yaş – özü də deputat, özü də federasiyada vitse-prezident, maşallah, 100 yaşasın!) izah etməyə cəhd göstərsin ki, Azərbaycanın futbol üzrə milli komandası azərbaycanlılarındır, bu komandada forma geyinən futbolçuların çoxu Bakıdan, Qarabağdan, Şəmkirdən, Gəncədən, Sumqayıtdan olan azərbaycanlıların balalarıdır, övladlarıdır. Biri mütləq və mütləq bu qocaya başa salsın ki, Azərbaycanın futbol üzrə milli komandası Azərbaycan nefti deyil, sadəcə, bir qrup insana məxsus deyil. Hər bir azərbaycanlının milli komandanın oyununa baxmaq, baxmamaq, tənqid etmək, tərifləmək, “istefa”  şüarı səsləmək, səsləməmək öz haqqıdır, hüququdur, buna görə 82 yaşlı Ağacan Əbiyevdən icazə almayacaqlar.

Bu 82 yaşlı deputat deyir ki, “Bəs komandamız qalib gələndə niyə azarkeşlər təşəkkür etmirlər? Bir komanda udanda digəri uduzar, bu, həyatın qanunudur”. Bizim milli komandamız nə vaxt qalib gəlib??? Bizim milli komandamız nə vaxt qrup mərhələsini adlayıb? Ola bilsin, Ağacan müəllim Azərbaycan milli komandasını başqa bir ölkənin futbol komandası ilə qarışdırıb, deputatxana adlanan Milli Məclisdə belə şeylər tez-tez olur. Bir müddət əvvəl hansısa deputat milli komandalar arasında dünya çempionatında İspaniyanın “Real” klubuna azarkeşlik edəcəyini demişdi. 82 yaşında bir neçə postu tutmaq da bir şey deyilmiş, Ağacan müəllim, günəşi adama gö…ş oxutdurur.

Ağacan müəllim deyir ki, “Dünyada elə dövlətlər var ki, onlar futbolun inkişafına Azərbaycandan dəfələrlə çox vəsait ayırırlar. Ancaq Azərbaycan komandası onlardan üstün olur”.

Yalan deyir, ağa canı, gözünün içinə kimi yalan danışır. O hansı dövlətlərdir ki, futbola bizdən çox pul xərcləyirlər, amma milli komandalarını gələn də, gedən də təpiyin altına salır? O hansı dövlətlərdir ki, futbola bizdən çox pul xərcləyirlər, amma milli komandaları 21838393 dəfə Avropa və dünya çempionatının seçmə mərhələlərində mübarizə aparsa da, hamısında ya qrup sonuncusu olub, ya da gücənə-gücənə sonuncudan əvvəlki yeri tutib? O hansı dövlətlərdir ki, futbola bizdən çox pul xərcləyirlər, ancaq milli komandaları dünya futbolunda heç qarışqanın dırnağının ucu boyda da mövqeyi, nüfuzu olmayan Lixtenşteynin komandaları tərəfindən qapazaltı edilir?

Yalan danışırsız, ağa canı, yalan danışırsız, Ağacan müəllim. Həm də yaşınıza, başınıza yaraşmayan yalanları danışırsız. Utanmaq və xəcalət çəkmək hissi yaşlaşdıqca aradan qalxan bir şeydirmi? Bu yazı bitəndən sonra bu barədə “google”da mütləq axtarış verib, oxuyacam. Söz verirəm.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button