Gözünüz aydın!
Vüsal Aydın Qəmbərov
Gözünüz aydın! Qurtuldunuz nəhayət, “qoca”dan? Son anda jurnalistləri də təhqir edib getdi.
Dirəşsən, “bütün xalqı” da demək olar…
Amma odurmu xalqı təhqir edən?
Canni De Byazi getdi və hər şey düzəldi? Özünüzü aldatmağa davam edə bilərsiz. Amma problem yerində qalıb. De Byazi nə ilk idi, nə son olacaq.
Mən problemin kökünü də, çözümünü də çox sadə bir yerdə görürəm. Hər kəs öz işini layiqincə görsə, hər şey olduğu kimi futbol da düzələcək. Halbuki, hamı öz balaca dünyasında, öz səlahiyyətləri çərçivəsində işləməyi yox, hər şeydən ümdə uşaq-övladına miras buraxmağı düşünür. Belə olmasaydı, futbolun dövlətin nəzarətinə keçdiyi 2003-dən bəri bəlkə, xərclənən 1.2-1.3 milyard dollardan əsər-əlamət qalardı. Əvəzində xeyli var-dövlətə sahib olmuş adam qalıb. Futbolumuz isə FİFA-nın reytinqində Namibiya və Qvatemala ilə qonşuluq səviyyəsindən yuxarı qalxa bilməyib.
Yerli, yoxsa xarici məşqçi müzakirəsi belə, absurddur. Azərbaycan yığmasına məşqçi lazım deyil! Azərbaycan yığmasına futbolçu lazımdır. Və daha vacibi, Azərbaycan futboluna ədalətli idarəetmə lazımdır. Bax, bayaq yuxarıda dediyim kimi, uşaqlarına buraxacağı mirası böyütməyə çalışan yox…
Bir dəqiqə, əslində, elə o da övladlara buraxacaqları miras olardı. Amma daha ləyaqətli miras. Azərbaycan futbolunun övladlarına fəxr edəcəyimiz futbolçular və komandalar buraxmaq istəyən idarəçilərə ehtiyacı var… Məşqçini də onlar idarə etmirmi?
Bizi Facebook-da izləyin