“Göztəpə” feyr-pleyi elitada qalmaqdan üstün tutdu
Futbol üzrə Türkiyə Super Liqasını tərk edən ikinci komanda müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu gün ölkə çempionatının 34-cü turu çərçivəsində “Qaziantep”lə səfər oyununda xal itkisi ilə üzləşən “Göztəpə” elita ilə vidalaşmalı olub.
Matçın ilk yarısı qolsuz başa çatıb. İkinci hissənin də qolsuz başa çatacağı düşünülərkən “Göztəpə” 90+4-cü dəqiqədə Adis Yahoviçin vurduğu qolla hesabı açıb. Lakin Qaziantep təmsilçisinin üzvləri ciddi etiraz edərək qolun qaydalar çərçivəsində vurulmadığını bildiriblər. Hakimlər hətta VAR-a da müraciət etdikdən sonra qolu hesaba alıblar. Amma qonaq futbolçular feyr-pley nümunəsi göstərərək meydan sahiblərinin hesabı bərabərləşdirməsinə imkan yaradıblar. Nəticədə Joao Fiqeyredo bərabərlik qoluna imza atıb. 90+9-cu dəqiqədə qazianteplilər penalti də qazanıb. Amma meydan sahibləri bu şansdan yararlana bilməyiblər. Beləcə, qarşılaşma 1:1 hesablı heç-heçə bitib.
Bu nəticənin ardından “Qaziantep” 42 xalla 14-cü pillədə qərarlaşıb. “Göztəpə” isə 28 xalla 19-cu pillədə qalıb. Daha öncə “Yeni Malatyaspor”un Super Liqanı tərk etməsi rəsmiləşmişdi.
Bizi Facebook-da izləyin