“Onlar mənim sərhədi keçdiyimi düşünürdülər” – Spaletti

”Napoli”nin baş məşqçisi Luçano Spaletti İtaliya A Seriyasının 33-cü turunun “Udineze” ilə matçından sonra (1:1) açıqlama verib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, qarşıda görüləsi işlərin çox olduğunu söyləyib:

“Mənim kimi çox çalışmağa öyrəşən insanların oxşar cəhəti var: biz qələbələrdən tam həzz almaq üçün mübarizə aparırıq. Görüləsi işlər çoxdur, sevinc isə keçicidir.

“Napoli” azarkeşlərinin gülümsədiyini və sevindiyini görmək mənim üçün ən böyük xoşbəxtlikdir. Onlar bunu bizə də ötürürlər. Burada insanlar həyatlarında çətin anlar yaşayırlar. Onlar bütün xoşbəxtliklərə layiqdirlər.

Bəlkə, indi özümü rahat hiss edirəm. Səbəb çempionluq sevincini onlara yaşatmağımızla bağlıdır. Neapol azarkeşləri bu klubda böyük məşqçilərin gəlib-getməsinə şahidlik ediblər. Onlar Dieqo Maradonanın oyununu izləyiblər. Bəlkə də, qazandığımız uğurda onun da payı var.

Keçən ilin yayında bəziləri komandaya qarşı etirazlar edirdi. Bu, mənim xoşuma gəlmirdi. “Biz İtaliya çempionluğu uğrunda mübarizə aparmalıyıq” deyəndə insanlar gileylənirdi. Onlar mənim sərhədi keçdiyimi düşünürdülər. Bu fikri deməkdə bir səbəb var idi: heyətdə olan oyunçulardan maksimum yararlanmaq və müəyyən ənənə formalaşdırmaq lazım idi.

2021/22 mövsümünü də əla keçirmişdik. Hədəflərimizə heç bir şübhə yox idi. Futbolun ən yaxşılarından olan Rafael Benites, Karlo Ancelotti, Mauritsio Sarri, İtaliya kubokunu qazanan Cennaro Qattuzonun da yolu Neapol klubundan keçib. Bəs, mən buraya niyə gəldim? Aşağı liqaya yuvarlanmaqdan yaxa qurtarmaq üçün yox, qalib olmaq üçün çalışmalıyıq”.

Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button