“…gec-tez bizi müsabiqəyə buraxacaqlar” – “Futbol+”in baş redaktoru
KİVDF-nin bir neçə qəzetlə əməkdaşlığı dayandırdığını, bu qəzetlərin içərisində “Futbol+”in də olduğunu xəbər vermişdik. Qurumun bu qərarından sonra ölkənin ən köklü idman qəzetinin rəhbərliyi ölkə prezidentinə müraciət etmiş, yaxınlarda isə mətbuat konfransı keçirmişdi.
Atılan addımların hansısa təsiri olub-olmadığını öyrənmək üçün qəzetin baş redaktoru Mahir Rüstəmli ilə əlaqə saxladıq. Rüstəmli, Komanda.az-a verdiyi açıqlamada, ciddi dəyişikliyin olmadığını, amma kollektiv olaraq bəzi qərarlar verdiklərini bildirdi:
“Ciddi mənada heç bir dəyişiklik yoxdur. Sadəcə, yenilik adına onu demək olar ki, KİVDF-nin Müşahidə Şurası 31 yanvar qərarının yarıtmazlığını görüb, martın 5-də şərtlərdə növbəti dəyişikliyə qərar verdi. Daha dəqiqi, bu qərarı belə izah etmək olar: KİVDF-nin Müşahidə Şurasının üzvləri, Prezident Aparatından ölkənin media siyasətini yönəldənlər, amma cənab prezidentin iradəsinin ziddinə gedənlər gördülər ki, ictimai-siyasi qəzetlərin mütləq əksəriyyəti “gündəlik 5 min tiraj, 2 min satış” şərtinə uyğun gəlmir deyə, həftəlik ictimai-siyasi qəzetləri də maliyyələşdirməyə qərar verdilər. Beləliklə, ayının min oyunu bir armudun başında olduğu kimi, belə çıxır ki, KİVDF-nin bütün bu dəyişiklik oyunları da “Futbol+”in kənarda qoyulması üçün imiş. Təbii ki, bizim də kollektiv olaraq, özümüzə görə qəbul etdiyimiz qərarlar var və onların nədən ibarət olduğunu bütün ölkə görəcək”.
Qəzetin baş redaktoru, ictimaiyyətindən gördükləri dəstək haqqında danışaraq, bir neçə klubun məsələylə maraqlandığını da dedi:
“Dəstək anlayışı bir qədər nisbi xarakter daşıyır. Məsələn, sosial şəbəkələrdə bizi, mövqeyimizi dəstəkləyən, “Futbol+”in böyük dəyər olduğunu ifadə edən çoxlu mesaj gördüm. Əksər idman portalları bizə tribuna verdi, fikirlərimizi ictimaiyyətə çatdırdı. “Neftçi”nin mətbuat konfransı keçirmək üçün bizə yer ayırmaq niyyətini həmişə böyük minnətdarlıq hissi ilə xatırlayacam. Və ya “Qarabağ”, “Qəbələ”, “Sabah”, “Zirə” hansısa şəkildə problemlə maraqlanıb. “Sumqayıt”ın prezidenti Riad Rəfiyev Klublar Birliyinin iclasında məsələnin müzakirə olunacağını deyib. Bir çox sabiq “Futbol+”çi dəstək verməyə hazır olduğunu bildirib. Bütün bunlar xoşdur. Eyni zamanda, mən onu da yaxşı anlayıram ki, hər kəsin özünə görə problemləri, qayğıları var. İctimaiyyətin ən ciddi dəstəyi belə, təəssüf ki, bəzilərinin vicdanını oyatmağa yetmir. “Futbol+”i yaşatmaqda qərarlıyıq, bu yolda əlimizdən gələn hər şeyi edəcəyik. Çox inanıram ki, KİVDF Müşahidə Şurasının ədalətsiz qərarının sorağı Prezidentə də çatacaq, gec-tez bizi müsabiqəyə buraxacaqlar”.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin