“Səbəbini bilirsənsə, məndən niyə soruşursan?” – Müsahibə

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Komanda.az sayına müsahibəsi:

  • Azərbaycan Premyer Liqasında sona 4 tur qalıb. Hansı klubun çempionluq şanslarını daha çox görürsüz?
  • “Qarabağ” və “Neftçi” arasında gedən mübarizə var. “Qarabağ” xal fərqində irəlidə olsa da, hələ heç nə dəqiq deyil. “Qarabağ” da xal itirə bilər, “Neftçi” də. Son oyunda bir-birləri ilə qarşılaşacaqlar. Bilmək olmaz, ona qədər çempionluğun taleyi həll oluna da bilər, son oyuna da qala bilər. Hansı komanda az xal itirsə, o da çempion olacaq.
  • “Neftçi” artıq ikinci dəfədir “Səbail”lə oyunda xal itirir. Birində məğlub olub, birində isə heç-heçə edib. “Neftçi”nin baş məşqçisi Roberto Bordinin işini necə dəyərləndirirsiz? Bəziləri Bordini qorxaq futbol oynatmaqda ittiham edir…
  • Bordinin işini qiymətləndirmək mənlik deyil. Onu “Neftçi” rəhbərliyi düşünməlidir, onlar qiymət verməlidir. Oyunlara baxdıqda, 8-9 il əvvəlki gərginlik, maraq yoxdur.
  • Premyer Liqa oyunlarını izləyirsizmi?
  • Bəli, izləyirəm. Stadionlara da gedirəm. Ancaq azarkeş gəlmir oyuna. Nə qədər azarkeş olur tribunada? 5 min? 10 min? Yoxsa 20 min?
  • Sizcə, azarkeşlərin gəlməməsinə səbəb nədir?
  • Səncə, nədir?
  • Çempionat sıxıcı, maraqsız keçir deyə…
  • Ay sağ ol, səbəbini bilirsənsə, məndən niyə soruşursan?
  • Premyer Liqada hansı klubu avrokuboklara daha hazırlıqlı görürsüz?
  • Avrokuboklara hazırlıq bir il öncədən başlamalıdır, oyunçu transferləri əvvəlcədən planlara, struktura uyğun edilməlidir. Müəyyən büdcə formalaşdırılmalıdır. Bunlar bir il əvvəldən olunmalı şeylərdir, mayda yox. Futbolçular istirahətə gedir, gəlir 20 gün məşq edib, avrokubok oyunlarına çıxır.
  • Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin işini necə dəyərləndirirsiz? İlk iki oyundan sonra xorvat mütəxəssislə bağlı düşüncələriniz nədir?
  • Yurçeviç haqda hələ tam bir fikir irəli sürmək düz olmaz. Hələ yenidir. Ancaq görünür ki, çalışqandır. Milliyə gələnlər hardan gəlir?
  • İspaniyadan Eddi İsrafilov gəlir, Almaniyadan Nazarov, Rusiyadan Şeydayev…
  • Bəs qalanları hardan gəlir? Yerli çempionatdan. Gərək çempionatın səviyyəsi də yüksək olsun, maraqlı keçsin ki, başqa futbolçular da bizim çempionata gəlsinlər. Yurçeviç də yeni futbolçuları öz çempionatımızda axtarır. Mətbuatda oxuyuram ki, “Yurçeviç Xorvatiyaya getdi, niyə getdi, oyunlara niyə baxmır” və s. Bəlkə bu adamın evində nəsə hadisə olub, nəsə problem var? İndi o da evinə getməlidir də – 3 günlük, 5 günlük, 1 həftəlik. İndidən onun işinə nəsə qiymət vermək düz olmaz. Gərək hamı bu işə peşəkar yanaşsın. Ancaq görünən odur ki, Yurçeviç çalışır nəsə etsin.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button