“Gəncədə söz-söhbətlər azarkeşlər komandadan istədikləri oyunu ala bilmədiyi zaman baş verir” – MÜSAHİBƏ
“Kəpəz” cari mövsümdə Azərbaycan Premyer Liqasına rəng qatan komandalardan biridir. Gəncə təmsilçisi uğurlu çıxışla yadda qalmasa da, mübarizəsi ilə seçilən komandalardandır. Son vaxtlar isə “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun oyunlardan sonra verdiyi açıqlamalar diqqəti çəkir. Əhmədov ad çəkməsə də, kimlərisə ittiham edir, bəzi gəncəli azarkeşlər isə oyunlarda onun istefasını tələb edirlər.
Austayderlər qrupunda yer alan, Premyer Liqanı tərk etmək təhlükəsi olan, ətrafında söz-söhbətlər getdikcə çoxalan “Kəpəz”lə bağlı klubun İdarə Heyətinin sədri İlqar Nadiriyə veriləcək suallarımız var idi:
- “Kəpəz”in Premyer Liqadakı hazırkı mövqeyi, yeri sizi qane edirmi?
- Komandamız çempionatı belə bitirə bilsə, qane edər. Yəni Premyer Liqanı bu il 8-ci yerdə bitirmək demək olar ki, bizi qane edər. Çünki 6-cı, 7-ci, 8-ci yer bizim gözlədiyimiz yerlərdən biridir.
- Bəs komandanın sərgilədiyi oyundan necə, razısızmı?
- Bəzi qarşılaşmalar olur ki, komanda kollektiv olaraq çox yaxşı oyun göstərir, bəzi oyunlar da olur ki, gözlədiyimizin tam əksini görürük.
- “Kəpəz” autsayderlər qrupundadır və mövsümün sonunda Premyer Liqanı tərk etmək təhlükəsi var. Bu, sizi qorxutmur?
- Əlbəttə, bu, bizi narahat edir. Amma biz çalışırıq ki, bu il komandanı Premyer Liqada saxlayaq. Çünki kompleks olaraq böyük işlər görülür. İstəyirik ki, bu işlər yarımçıq qalmasın. Söhbət akademiyadan və klubun istifadəsinə veriləcək ehtiyat meydançalardan gedir. Yəni söhbət düzəldiləcək şəraitdən gedir. Hansı ki, bunlar Premyer Liqada çıxış edən komanda üçün çox vacib amillərdir.
- Sizcə, mövsümün əvvəlində Yaşar Vahabzadəni baş məşqçi postundan göndərməkdə gecikməmışdiz? Onunla mövsümün əvvəlində 4 oyunun hamısında uduzduz, bu isə itirilən çoxlu xal deməkdir.
- Vahabzadənin postundan göndərilməsi məsələsinə gəlincə, komanda yeni formalaşmışdı. İlk dörd turda da rəqiblər “Zirə”, “Neftçi”, “Qəbələ” və “Səbail” idi. Çempionatda kifayət qədər güclü rəqiblər idi, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardır. Buna görə də, bir az şanssızlıq oldu deyə bilərik. Bundan əlavə də, dediyim kimi, komanda yeni formalaşmışdı. Bu da istər-istəməz çempionatın startında təsir göstərdi.
- İlqar bəy, Gəncədə Tərlan Əhmədovdan nə istəyirlər? “Şamaxı” ilə oyundan sonra bir açıqlaması oldu baş məşqçinizin: “Mən bu kluba gələn gündən söz-söhbətlər var”.
- Gəncə azarkeşləri nəinki Tərlan müəllimdən, digər baş məşqçilərdən də nəticə, baxımlı oyun istəyirlər. Gəncədə söz-söhbətlər uğursuzluqlar başlayanda, azarkeşlər komandadan istədikləri oyunu ala bilmədiyi zaman baş verir. Bu da “Turan Tovuz”la oyunda məğlub olduqdan sonra daha da alovlandı.
- “Şamaxı” ilə oyunda (3:2) bəzi azarkeşlər stadionda Əhmədovun istefasıni tələb edən şüarlar səsləndirirdi. O azarkeşlərin kimliyi haqda soruşmuram. Siz azarkeşlərə haqq qazandırırsız?
- Azarkeşlər həmin oyunda da komandadan qələbə gözləyirdilər. Sadəcə, “Şamaxı” ilə görüşdə komandamız hesabda önə keçdi, sonra hesab bərabərləşdi, daha sonra yenə önə keçdik, rəqib yenə qol vurdu. Ola bilsin, bunlar azarkeşləri hövsələdən çıxardı. Həmin oyun komandamız üçün çox vacib idi, üç xal üç mübarizə aparırdıq. Şükürlər olsun ki, üç xalı da qazandıq.
- Əhmədovun “Kəpəz”lə müqaviləsi may ayında bitəcək. Komanda Premyer Liqada qalsa, onu postunda saxlamağa çalışacaqsız?
- Bu gün bizim üçün əsas məsələ odur ki, komanda Premyer Liqada mübarizəsini davam etdirsin. Ondan sonra nəyin necə olacağını zaman göstərəcək. Tərlan müəllimlə söhbət olacaq, planları ilə bağlı. İndidən nəsə demək düzgün olmaz.
- “Kəpəz”in özündə və ya kənardan kluba qarşı qruplaşmalar var?
- Kənardakılarla bağlı nəsə deyə bilmərəm. Amma klubun özündə, komandanın içində hansısa qruplaşma yoxdur.
- Klubunuzun büdcəsi Premyer Liqada neçənci yeri tutmağa imkan verir?
- Bu gün Premyer Liqada sponsoru olmayan, maliyyə dəstəyi ən az olan klub “Kəpəz”dir. Buna baxmayaraq, biz döyüşkən kollektiv formalaşdırmaq istəyirik.
- Son sual: Bu mövsüm “Kəpəz”in hansı oyunu sizi daha çox sevindirib, hansı oyunu məyus edib?
- “Kəpəz”in bu mövsüm bir neçə oyunu məyus edib. Bilmirəm, həmin rəqiblərin adlarını bir-bir çəksək, düz olar, ya yox. “Zirə” ilə birinci oyunda 94-cü, ikinci oyunda isə 98-ci dəqiqədə qol buraxmağımız məyus etmişdi. Bundan başqa, “Qəbələ” ilə görüşdə 2:0 hesabı ilə öndə ola-ola ikinci hissədə iki qol buraxdıq. Bu oyunlar bizi məyus edib. Hansı oyunlarda ki qələbə qazanmışıq, həmin oyunlar bizi çox sevindirib.
Rəşad
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin