“Naxçıvanda olan stadion Peşəkar Futbol Liqasının tələblərinə cavab vermir” – MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyevin Komanda.az saytına müsahibəsi:
- Məlum qəzadan sonra səhhətiniz necədir, özünüzü necə hiss edirsiz?
- Səhhətim əvvəlki ilə müqayisədə yaxşıdır. Sadəcə olaraq sağ ayağımın pəncə hissəsində bir az problem var, tərpədə bilmirəm. Hər gün xəstəxanaya gedib müalicəni davam etdirirəm. Zəng vurub maraqlandığınıza görə hər birinizə təşəkkür edirəm.
- Növbəti mövsümün hazırlıqlarına başlamısız?
- Bəli. Ötən mövsüm bitdikdən iki gün sonra yeni mövsümün hazırlıqlarına başlamışıq. Təəssüf ki, Elxan müəllim (PFL-in prezidenti Elxan Səmədov) hələ də xəstəxanada müalicə alır. Artıq iki dəfə iclasımız olub. Növbəti mövsümün planlarını və strategiyasını müəyyənləşdirmişik. Saytımızda liqaların başlanması ilə bağlı məlumat yerləşdirilib. Hər şey plan üzrə davam edir.
- Növbəti mövsümdə hansısa yeniliklər gözlənilirmi?
- Futbol belədir ki, hər mövsüm müəyyən yeniliklər olur. Müəyyən yenilikləri düşünürük, istəyirik ki yeni mövsümə kimi çatdıraq. Amma hər şey bizim istədiyimiz kimi olmur, əməkdaşlıq ediyimiz müəyyən şirkətlər var ki, bəzən müəyyən məsələlər uzanır. Hər şey bizim planlaşdırdığımız kimi olmur. Buna baxmayaraq, çalışırıq ki, bizdən asılı olan məsələləri vaxtında yerinə yetirək.
- “Araz-Naxçıvan”ın ev oyunlarını Bakıda keçirməsi ilə bağlı narazılıqlar var. Bununla bağlı nə düşünürsüz? Naxçıvan təmsilçisi gələn mövsüm də ev oyunlarını paytaxtda keçirəcək?
- Premyer Liqada iki komandanın təmsil etdiyi regionda oynamaqla bağlı problemi var. Bunlardan biri “Araz-Naxçıvan”dır. Təəssüf ki, Naxçıvanda olan stadion Peşəkar Futbol Liqasının tələblərinə cavab vermir. Biz çalışırıq ki, komandalar daha yaxşı stadionlarda çıxış etsinlər. Naxçıvandakı meydança təmir olunmadığına görə “Araz-Naxçıvan” ev oyunlarını bu il də Bakıda, daha dəqiq desək, “Liv Bona Dea Arena”da keçirəcək.
- “Kəpəz”in stadionu növbəti mövsümə hazırdır, yoxsa komanda ev oyunlarını yenə başqa arenalarda keçirəcək?
- Təəssüf ki, “Kəpəz” də rəqiblərini doğma meydanında qəbul edə bilmir. Amma gəncəlilərdə durum bir az fərqlidir, artıq Gəncə şəhər stadionunun tikintisinə başlanılıb. Müasir standartlara cavab verən meydança tikilir və məndə olan informasiyaya görə, bu stadion nəinki Premyer Liqanın matçlarını, hətta avrokuboklar və milli komandanın oyunlarını da qəbul edə biləcək. Artıq bazanın tikintisi yekunlaşıb, yeniyetmə uşaqlar və əsas komandanın orda qalması üçün AFFA tərəfindən Gəncə şəhərində futbol bazası tikilib. “Kəpəz” də bu il lisenziya almaq üçün başqa stadion göstərib və bu mövsüm də rəqiblərini həmin arenada qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin