Gəncə futbolunun veteranı 70 yaşında

“Dinamo” Kirovabadın veteran futbolçusu, SSRİ idman ustası, əməkdar məşqçi Vahid Abbasovun 70 illik yubileyi qeyd olunub.

Komanda.az xəbər verir ki, istər Sovet, istərsə də müasir dövrümüzdə Gəncə futbolunun tanınmasında, inkişafında Abbasovun xüsusi payı var. O, oynadığı vaxtlarda futbolçu, karyerasını bitirdikdən sonra isə mütəxəssis kimi sevimli idman növünə xidmət edib. Abbasov bu gün də futbol sahəsində fəaliyyətini davam etdirir. O, uzun müddətdi ki, Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində çalışır.

Yubilyarın şərəfinə çalışdığı məktəbdə futbol turniri keçirilib. Bir həftə davam edən yarışda 10 komanda mübarizə aparıb. Nəticələrə əsasən, finalda “Gənclərbirliyi” komandasını 3:7 hesabı ilə məğlub edən gənc məşqçi Turan Əliyevin rəhbərlik etdiyi “Gəncə TİM” kollektivi yarışın qalibi adını qazanıb. Turnirin oyunlarını izləyənlər arasında Vahid Abbasovun veteran həmkarları, “Kəpəz” PFK-nın rəsmiləri, məşqçilər korpusu və futbolçuları da olub.

Oyunlar sona çatdıqdan sonra turnirin bağlanış mərasimi keçirilib. Mükafatçı yerləri tutan komandalar təbrik olunub, oyunçulara gələcəkdə daha böyük uğurlar arzulanıb. Daha sonra ilk üç yeri tutan kollektivlərin üzvlərinə medal, fəxri fərman və kubok təqdim edilib. Müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçuların əməyi ayrıca qiymətləndirilib.

Turnirdən sonra Vahid Abbasovun 70 illik yubileyinin qeyd olunması süfrə arxasında davam etdirilib. Məclisdə onun keçdiyi ömür yoluna nəzər salınıb, ən xoş arzular səsləndirilib. Vaxitlə şərəfini qoruduğu “Kəpəz” klubu adından komandanın baş məşqçisi Etibar İbrahimov yubilyara üzərində adı və 70 rəqəmi yazılan forma hədiyyə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button