“Bu dəfə belə olmayacaq” – Azərbaycan millisinin üzvü
Gələn il Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi Bosniya və Herseqovina, İspaniya və Gürcüstan yığmaları ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, yığmanın yer aldığı qrupla bağlı millinin qapıçısı Rövşən Hüseynli Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Sayca altıncı dəfə bu mötəbər yarışda iştirak edəcəyik. Final mərhələsində ilk oyunumuzu Gürcüstan millisinə qarşı keçirəcəyik. Daha sonra yaxından tanıdığımız İspaniya və Bosniya və Herseqovina yığmaları ilə qarşılaşacağıq. Gürcüstan bu mərhələyə yüksəlmək üçün Rusiya və Fransa kimi iddialı komandalarla bir qrupda mübarizə apardı və ikinci yerin sahibi kimi işinin öhdəsindən gəlməyi bacardı. Heyətlərində braziliyalı futzalçılar da yer alır. Fərdi keyfiyyətlərinə görə seçilən oyunçulardandır. Debüt etsələr də, güclü rəqibdir. Ümumiyyətlə, bu mərhələdə iştirak edən hansısa komandaya yuxarıdan aşağı baxmaq olmaz. Biz dəfələrlə belə yarışlarda iştirak etdiyimizdən, təcrübəmiz çoxdur. İllərlə qazandığımız bu təcrübədən faydalanmalıyıq, yaxşı hazırlaşmalıyıq.
İspaniya haqda geniş danışmağa dəyməz. Bu komanda iştirak etdiyi bütün turnirlərdə favoritlər sırasında yer alır. Amma ispanlara qarşı hər zaman layiqli mübarizə aparmışıq. Hətta 4 il əvvəlki qitə birinciliyində bir qrupda yer almışdıq. Həmin vaxt bir top fərqi ilə yenildik. Halbuki həmin qarşılaşmada qələbə qazanmaq üçün imkanlarımız az olmadı. Ümid edirəm ki, bu dəfə daha yaxşı oyun nümayiş etdirib, lazım olan nəticəni qazanacağıq. Bosniya və Herseqovina ilə 2017-cı ildə qarşılaşmışıq. Bu görüş Bakıda keçirilmişdi. Çox ağır oyun oldu, 5:4 hesabı ilə qələbə qazandıq. Hündürboylu oyunçulara sahib idilər. Fərqli oyun üslubuna malik komandadır. Düzdür, bizə qarşı oynayan heyətdə çox dəyişiklik edilib. Üstəlik, onlar da qrup lideri kimi final mərhələsinə vəsiqə qazandılar, Serbiya, Rumıniya kimi komandaları geridə buraxdılar.
Yekunlaşdırsaq, qarşıda üç aya yaxın vaxtımız var. Bu müddət ərzində yaxşı hazırlıq keçməli, yoldaşlıq oyunlarında gücümüzü sınamalı, zəif tərəflərimizi düzəltməliyik. Çempionata hazır getməliyik ki, irəliləmək şansımızı qaçırmayaq. Həm də nəzərə almalıyıq ki, bu dəfə qrupda 3 yox, 4 komanda yer alacaq. Əvvəl bəzən bir xalla da növbəti mərhələyə yüksəlmək mümkün idi. Bu dəfə belə olmayacaq”.
Bizi Facebook-da izləyin