“Berluskoni dediklərini həyata keçirmək üçün ən azı 120 il yaşamalı idi”
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Milan”ın keçmiş sahibi Silvio Berluskoninin ölüm xəbərinə münasibət bildirib.
Komanda.az “SportMediaset”-ə istinadən xəbər verir ki, o, Berluskoninin son dərəcə pozitiv və inamlı biri olduğunu deyib:
“Berluskoni ilə bağlı ilk xatirəm onunla “Milanello”da (“Milan”ın məşq bazası) görüşməyimlə bağlıdır: söhbət zamanı o, beynində nə qədər layihə ideyası olduğunu deyəndə heyrətləndim. Dediklərini həyata keçirmək üçün ən azı 120 il yaşamalı idi.
Acı bir gündə ona ehtiramımı bildirməklə yanaşı, onun olduqca xarizmatik və dünyaya fərqli baxış bucağından baxdığını diqqətə çatdırmalıyam. Gələcəklə bağlı son dərəcə pozitiv və inamlı biri idi”.
Xatırladaq ki, “Montsa” klubunun prezidenti dünən Milanda yerləşən San Raffaele xəstəxanasında vəfat edib. Aprel ayında onun leykemiya xəstəliyi ilə bağlı xəbəri yayılmışdı.
Berluskoni 1986-2016-cı illərdə “Milan”ın sahibi olub. O, 2018-ci ilin sentyabrında “Montsa”nı satın almışdı.
Bizi Facebook-da izləyin