“Gəlişimdən bəri ilk dəfə mübarizə aparmadan məğlub olduq” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun keçdi. Bilirdik ki, rəqib ilk dəqiqələrdən qələbəyə köklənəcək. “Qarabağ”ın xal itirməsi onlar üçün motivasiya idi. İlk hissədə təhlükəli hücumlarımız oldu. İkinci yarıda qol buraxdıqdan sonra hücuma daha çox keçməyə başladıq. Lakin düşündüyümüz alınmadı. “Zirə”də ilk oyunum idi ki, mübarizə aparmadan məğlub olduq. Mövsüm ərzində futbolçular hər oyunu yüksək səviyyədə keçirmirlər. Onları da başa düşməyə çalışıram. Amma oyundan razı qalmadım. 90 dəqiqəyə baxsaq, Klesio Baukun oyunu məni sevindirdi.
Heyətlə bağlı problemlərimiz var. Zədəlilər və koronavirusdan yeni sağalanlar var idi. Amma “Keşlə” ilə matçda onları 90 dəqiqə meydanda saxladıq. Risk etdik. Qarşıda bizi sıx qrafik gözləyir. Bəzən nəyisə qurban verməyə məcburuq. Bu gün sırf “Neftçi” ilə matçı düşünmürdük. Qarşıdakı oyunları nəzərə alıb dəyişiklik etmişdik. “Neftçi” kimi komanda ilə görüşdə xal qazanmaq istəyirsənsə, belə ucuz qollar buraxmamalısan. Rəqib bundan sonra psixoloji üstünlüyə yiyələndi və dominantlıq etməyə başladı.
“Zirə” heç vaxt kubokda final oynamayıb. Finala çıxsaq, avrokuboklara gedə bilərik. “Sumqayıt”la çempionat matçı da həlledici olacaq. Hər kəs özünə görə məsuliyyət daşıyır. Bilirəm ki, rəhbərlik də uğur gözləyir. Birdən-birə 11 nəfərin koronavirusa yoluxması bizə problem yaratdı. Hər oyuna ən yaxşı formada çıxmağa çalışacağıq. Bizi çempionatda son illərin ən maraqlı sonluğu gözləyir”.
Bizi Facebook-da izləyin