Fərid Sadıqlı Avropa çempionu oldu
İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Fərid Sadıqlı qitə birinciliyinə inamlı qələbəylə start verib. Həmyerlimiz ilk görüşdə macar həmkarını ilk hissədə məğlub edib. Bolqarıstan təmsilçisi də Sadıqlı qarşısında duruş gətirməyib. Fərid cəmi 34 saniyəyə rəqibə qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz erkən qələbə ənənəsini yarımfinalda da davam etdirib. Latviyalı həmkarını cəmi 24 saniyəyə üstələyən Sadıqlı adını finala yazdırıb. Avropa çempionatını möhtəşəm keçirən Fərid iyunun 19-da keçirilən həlledici qarşılaşmada da rəqibinə göz açmağa imkan verməyib. Rusiyalı həmkarını da vaxtından əvvəl tam üstünlüklə məğlub edən pəhləvanımız Avropanın ən güclüsü ünvanını qazanıb.
Nihad Quluzadə də yarışa iddialı başlayıb. Yığmamızın üzvünə xorvat idmançı üzərində qələbə üçün cəmi 1 dəqiqə 10 saniyə kifayət edib. Quluzadə növbəti qarşılaşmada da qələbəyə çox yaxın olub. Ancaq Nihad Bolqarıstan güləşçisi üzərindəki 7:0 hesablı böyük üstünlüyü əldən verib. Rəqib finala yüksəldiyi üçün Quluzadə iyunun 19-da təsəlliverici görüşə çıxıb və Danimarkadan olan rəqibinə asanlıqla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Ancaq fəxri kürsünün bir addımlığında büdrəyib və medalsız qalıb.
Əli Alıyev debütdə rus güləşçiyə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Əli iyunun 19-da təsəlliverici qarşılaşmada qüvvəsini sınayıb və bolqar həmkarına uduzub.
Allahverdi Əliyev ilk mərhələdə prinsipial görüşə çıxıb və erməni rəqibinə qalib gəlib. Əliyev daha sonra Serbiya təmsilçisini vaxtından əvvəl məyus edib. Allahverdi Rumıniya idmançısını da yolundan kənarlaşdıraraq yarımfinala adlayıb. Ancaq yığma üzvü yarımfinalda Moldova təmsilçisiylə bacarmayıb. Allahverdi iyunun 19-da bürünc medal uğrunda güləşib. Rusiya idmançısına qalib gələn Əliyev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Laçın Vəliyev yarışa yunan güləşçi üzərində asan qələbəylə başlayıb. Vəliyev daha sonra Çexiya təmsilçisinə cəmi 1 dəqiqə 10 saniyəyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Türkiyə güləşçisindən də güclü olan Laçın finala yüksəlib. Həlledici qarşılaşmada Rusiyadan olan rəqibinə məğlub olan Vəliyev gümüş medalı boynundan asıb.
45 kq
1/8 final – Fərid Sadıqlı – Daniel Rafael (HUN) 10:1
1/4 final – Fərid Sadıqlı – Miroslav Emilov (BUL) 8:0
1/2 final – Fərid Sadıqlı – Kaspars Bondarenko (LAT) 8:0
FİNAL – Fərid Sadıqlı – Danial Ağayev (RUS) 10:1
51 kq
1/8 final – Nihad Quluzadə – Bruno Kabulo (CRO) 10:0
1/4 final – Nihad Quluzadə – Armen Nazaryan (BUL) 7:7*
Təsəlliverici görüş – Nihad Quluzadə – Uilyam Reenberq (DEN) 8:0
Bürünc medal görüşü – Nihad Quluzadə – Armen Harutyunyan (ARM) 3:6
60 kq
1/8 final – Əli Alıyev – Maksim Skuratov (RUS) 0:8
Təsəlliverici görüş – Əli Alıyev – Rafet Selim Rəşid (BUL) 0:8
71 kq
Təsnifat – Allahverdi Əliyev – Lyova Xaçatryan (ARM) 3:1
1/8 final – Allahverdi Əliyev – Uqlyesa Qayiç (SRB) 9:0
1/4 final – Allahverdi Əliyev – Alin Dosoftei (ROU) 6:1
1/2 final – Allahverdi Əliyev – Aleksandrin Qutu (MDA) 0:9
Bürünc medal görüşü – Allahverdi Əliyev – Stepan Starodubtsev (RUS) 3:1
92 kq
1/8 final – Laçın Vəliyev – Arxontis Xuras (GRE) 7:0
1/4 final – Laçın Vəliyev – David Kolar (CZE) 9:0
1/2 final – Laçın Vəliyev – Oktay Demir (TUR) 7:2
FİNAL – Laçın Vəliyev – Məhəmməd Yevloyev (RUS) 0:6
Bizi Facebook-da izləyin