“Fənərbaxça”dan 4.6 milyon avroluq transfer
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın “Kalyari” klubunun hücumameylli yarımmüdafiəçisi Joao Pedronu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliya əsilli italiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu transferə görə İtaliya klubuna 4.6 milyon avro ödəyib. Futbolçunun Türkiyədəki ilk mövsümündə sərgiləyəcəyi performansdan asılı olaraq, “Kalyari”nin daha 487 min 500 avro qazanmaq şansı var.
Joao Pedro peşəkar karyerasına “Atletiko Mineyro”da başlayıb. 2010-cu ildə “Palermo”nun transfer etdiyi oyunçu, İtaliya klubunda möhkəmlənə bilmədiyi üçün əvvəlcə “Vitoriya Gimaraynş”, daha sonra “Penyarol” klublarına icarəyə verilib. 2012-2013-cü illərdə “Santos”da çıxış edən yarımmüdafiəçi, bir mövsüm “Eştoril”də də çıxış edib. Təcrübəli futbolçu 2014-cü ildən “Kalyari”nin uğurları üçün çalışırdı. O, bu komandanın heyətində keçirdiyi 8 mövsüm ərzində 271 matça çıxıb, 86 qola imza atıb. İtaliya vətəndaşlığı olan futbolçu, bu ölkənin əsas millisində cəmi 1 oyun keçirib.
Bizi Facebook-da izləyin