“Fənərbaxça”da şok itki
Türkiyənin “Fənərbaxça” klubunun qapıçısı Altay Bayındır zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
23 yaşlı qolkiper ötən gün məşq zamanı əlindən ağır xəsarət alıb. Bu gün tibbi müayinədən keçən oyunçunun biləyində sınıq aşkarlanıb. Yaxın günlərdə əməliyyat olunacaq qapıçının mövsümün qalan matçlarında meydana çıxa bilməyəcəyi və yaşıl meydanlardan təqribən 3 ay uzaq qalacağı açıqlanıb. Gənc qolkiperin Avropa çempionatını da buraxacağı gözlənilir.
Daha əvvəl Türkiyə millisinin və “Beşiktaş”ın hücumçusu Cenk Tosun zədələnərək, mövsümü vaxtından əvvəl başa vurmuşdu.
Qeyd edək ki, Altay Bayındır bu mövsüm “Fənərbaxça”nın əsas qapıçısına çevrilmişdi. O, bu komandanın heyətində Super Liqada 32 oyuna çıxmışdı. Gənc qolkiperin komandası 33 oyuna topladığı 66 xalla ikinci pillədə qərarlaşıb.
Yeri gəlmişkən, “Fənərbaxça”da koronavirusa bir yeni yoluxma da qeydə alınıb. İstanbul təmsilçisinin yaydığı məlumata görə, texniki heyətdə yer alan bir nəfərin COVİD-19 testi pozitiv çıxıb. Adı açıqlanmayan həmin şəxs karantinə alınıb.
Bizi Facebook-da izləyin