“Fənərbaxça” Gümüşü “bitirdi”, sırada Sosadır
“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın “Cenoa” klubunda forma geyinən Sinan Gümüşü transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Almaniyada dünyaya gələn, “Ştutqart”ın yetirməsi olan Sinan Gümüş 2014-2019-cu illər aralığında “Qalatasaray”da forma geyinib. Ötən mövsümün əvvəlində “Cenoa”ya transfer olunan futbolçu, bu komandada möhkəmlənə bilmədiyi üçün qış fasiləsində “Antalyaspor”a icarəyə verilmişdi. O, bu komandada 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Sinan Gümüş, “Fənərbaxça”nın bu yay transfer etdiyi altıncı futbolçudur. Ondan öncə İstanbul klubu Mert Hakan Yandaş, Filip Novak, Gökhan Gönül, Caner Erkin və Mame Tiamı da heyətinə qatmışdı.
İstanbul klubu “Trabzonspor”un argentinalı yarımmüdafiəçisi Xose Sosanı da heyətinə qatmaq üzrədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Öz klubundan istədiyi təklifi almayan 35 yaşlı futbolçu “Fənərbaxça”nın təklifini qəbul edib. Artıq Trabzon təmsilçisi Sosanın ayrılığını rəsmən açıqlayıb. “Trabzonspor” 2018-ci ildən formasını geyinən futbolçuya xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, “Estudiantes”in yetirməsi olan, Argentina yığmasında da oynamış Sosa, “Bavariya”, “Napoli”, “Metallist” (Xarkov), “Atletiko” (Madrid), “Beşiktaş” və “Milan”da da çıxış edib.
Bizi Facebook-da izləyin