“İranlı gəlir hakimi döyür, bağışlayırlar, ancaq azərbaycanlı heç nə etməsə də, bağışlanmır”
Futzal üzrə Yüksək Liqada mübarizə aparan “Xızı Futzal” klubunun rəhbəri Orxan Allahverdiyev və komandanın baş məşqçisi Yasin Yaqubzadə “Bakı” TFK ilə keçirilən oyunda hakimi təhqir etdikləri üçün AFFA-nın İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb.
Allahverdiyev cəzanın azaldılması ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət etsə də, tələbi qəbul edilməyib. Bu məsələ ilə bağlı klub rəhbəri Komanda.az-a açıqlama verib. O, hakimi onun deyil, baş məşqçinin təhqir etdiyini və cəzasının azaldılmasını istədiyini deyib:
“Sonuncu oyunumuzda hakim düzgün qərar vermədən baş məşqçini cəzalandırdı. Məşqçi sadəcə bir az aqressiya göstərərək, əlindəki dəftəri yerə atmışdı. Hakim onu birbaşa meydanda qovdu, heç xəbərdarlıq etmədi, birbaşa qovdu. Sonra mən gəldim ki, oyunu idarə edim. Bir dəqiqə keçmişdi ki, başqa bir oyunçunu meydana buraxmaq istəyirdim. Oyunçu da kənarda ayaq üstə əvəzlənməsini gözləyirdi. 4-cü hakim göstəriş verdi ki, oyunçu otursun, ancaq mən də dedim ki, bu, meydana çıxmalıdır, onu gözləyir. Mənimlə aqressiv danışdı, mən də elə cavab verdim. Sonra 4-cü hakim baş hakimə dedi və məni də meydandan uzaqlaşdırdılar. Oyundan sonra hakimlərdən xahiş etdim, danışdım, dedim ki, niyə məni qovmusuz? Bir məşqçini çıxarmısızsa, ikinciyə heç olmasa, güzəşt edin. Aramızda bir az mübahisə oldu, ancaq təhqir, ya da başqa şey olmadı. Protokolda da məşqçi və mən 5 oyunluq cəzalandıq. Yüksək Liqada 5 oyun komanda idarə etməmək çətindir, komanda başsız qalır.
Sonra bir xəbər oxuyuram ki, ötən il “Xəzər Cənub” – “Araz” oyununda üç iranlı futzalçı hakimə fiziki müdaxilə edib. Bunları bir il uzaqlaşdırıblar, ancaq sonra da şərti olaraq bağışlayıblar, həm də üstündən bir neçə ay keçmiş. Ancaq bizi bağışlamırlar. İranlı legionerlər hakimi döyüblər, fiziki təsir göstəriblər, amma biz heç nə etməmişik – nə dava, nə təhqir. Mənə dedilər ki, get müraciət et, bağışlayacaqlar, ancaq etmədilər. Heç olmasa bir, iki oyun cəza verin. Bu mənə maraqlıdır, səbəb nədir? Mən onlara dedim ki, oyunda ən azından çıxım komandamızı idarə edim, bizə xal lazımdır. Bu, küçə çempionatı deyil ki… Heç olmasa, qıraqdan idarə edərdim.
İndi transfer vaxtı deyil deyə, məşqçini qeydiyyata salmaq olmur. İstəyirəm heç olmasa, o zamana qədər özüm nəsə edim. Artıq bir oyunumu keçirmişəm, qalıb dördü. Ancaq etmirlər. Hakimi döyənləri, söyənləri bağışlayırlar, bizi yox. Bizə hörmət etmirlər. İranlı gəlir hakimi döyür, bağışlayırlar, ancaq azərbaycanlı heç nə etməsə də, bağışlanmır”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin