“Təcrübə baxımından biz onlardan bir addım öndəyik” – Azərbaycan millisinin üzvü
Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Ukrayna yığması ilə yoxlama oyunları keçirəcək Azərbaycan millisi dünəndən təlim-məşq toplanışına başlayıb.
Komanda.az xəbər verir ki, ilk məşqdən sonra komandanın qapıçısı Rövşən Hüseynli Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Dünən ilk məşqimizi keçirdik. Hazırlığı hələ tam heyətlə həyata keçirə bilmirik. Ölkə xaricində çıxış edən futzalçılarımız sabah komandaya qoşulacaqlar. Əlbəttə, həm təlim-məşq toplanışı, həm də keçirəcəyimiz yoldaşlıq oyunları Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi daşıyır. Ukrayna ilə iki matçda üz-üzə gələcəyik. Hazırkı heyətimizlə bağlı sevindirici məqam iki gənc futzalçının bizə qoşulmasıdır. Söhbət Nurlan Mehdizadə və U-19-un üzvü Xəzər Ağalızadədən gedir. Hər ikisi perspektivli gənclərdir.
İlk məşqimiz intensiv keçdi. Fiziki hazırlığa daha çox yer verildi. Ukrayna ilə oyunlarda hesab önəmli olmayacaq. Vacib olan zəif tərəflərimizi təsbit etmək, axsadığımız cəhətləri rəsmi oyunlara qədər aradan qaldırmaqdır. Yeri gəlmişkən, Ukrayna millisinin heyətində bizə tanış simalar da var. Oktyabrda Çempionlar Liqasının əsas mərhələsində “Uraqan”la qarşılaşdıq ki, bu komandanın üç üzvü hazırda ölkəsinin millisinin heyətinə cəlb olunub. Rəqibimiz güclü komandadır, AÇ-nin final mərhələsinin daimi üzvlərindəndir.
AÇ-nin final mərhələsinin qrup oyunlarında qarşılaşacağımız rəqiblər məlumdur. İspaniya dəfələrlə Avropa, dünya çempionu olub. Bu komandanın gücü, heyəti hər kəsə məlumdur. Gürcüstan və Bosniya və Herseqovina haqda da məlumat öyrənirik. Təcrübə baxımından biz onlardan bir addım öndəyik. Çünki bu iki komanda AÇ-nin final mərhələsində debüt edəcək. Gürcüstan Fransa kimi final mərhələsində oynamağa iddialı bir komandanı qrupda saxlayaraq vəsiqəni özləri qazanmağı bacardılar. Bosniya və Herseqovina isə təcrübəli Serbiyanı üstələyib. Bu komanda ilə bir neçə il əvvəl Bakıda üz-üzə gəlmişdik və qələbə qazanmışdıq. Bu ümumi dəyərləndirmə idi. Qarşıda bir aydan artıq vaxt var və bu müddətdə – həm zədə baxımından, həm də dünyanı ağuşuna alan koronavirusla bağlı çox şey dəyişə bilər. Hazırlıq müddətində diqqətli olmalıyıq”.
Bizi Facebook-da izləyin