“Zaur Axundovun siyasəti Azərbaycan futzalını inkişaf etdirmir, əksinə, geri salır” – SORĞU
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatında İspaniya, Gürcüstan, Bosniya və Herseqovinanın yer aldığı qrupdan çıxa bilmədi və turnirlə vidalaşdı.
Azərbaycan yığması Gürcüstandan heyət, təcrübə baxımından üstün olsa da, sonda uğursuzluğa düçar oldu. Bəs bunun günahkarı kimdir? Son illərdə Azərbaycan futzalında nəzərə çarpan geriliyi aradan qaldırmaq və irəli doğru getmək üçün nələr etmək lazımdır?
Yığmanın uğursuzluğunun səbəbi ilə bağlı idman jurnalistlərinə bu suallarla müraciət etdik:
- Futzal üzrə Azərbaycan millisinin AÇ-də uğursuzluğunun səbəbini nədə görürsüz?
- Kim getməlidir: Federasiya prezidenti Zaur Axundov, baş məşqçi Joze Alesio Da Silva, yoxsa braziliyalı legionerlər? Bəlkə, hamısı?
Elnur Qəmbərov (Futzal üzrə Azərbaycan millisinin sabiq üzvü)
“Uğursuzluğun səbəbini baş məşqçinin zəifliyi ilə əlaqələndirərdim. Federasiyanın prezidentini tanıyıram və bilirəm ki, o, hər zaman komandaya dəstək olub. Özüm bunun şahidi olmuşam. Joze Alesionun müsahibəsinə baxıram, deyir ki, komandanın əsas oyunçuları koronavirusa yoluxub və bu, komandaya psixoloji təsir edir. Qazaxıstan yığmasının iki əsas futzalçısı və baş məşqçi Rikardo Kaka koronavirusa yoluxmuşdu, buna baxmayaraq, komanda sonda qrupu birinci sırada tamamladı. Onu da deyim ki, qazaxların heyətində cəmi dörd legioner oynayır. Bundan başqa, Slovakiya yığması hər zaman bizə uduzub, amma indi qrupdan çıxır. Finlandiya millisinin üzvləri səhər işə gedir, axşam məşqə, onlar belə, qrupdan çıxır. Nə legionerləri var, nə peşəkarlıqları. Belə nəticələri göz qabağına gətirmək lazımdır. Alesio bəhanələr axtarır. Düzdür, o, mənim də məşqçim olub, vaxtilə ondan çox şey öyrənmişəm. Səhv etmirəmsə, 15 ildir Azərbaycanda işləyir. Cəmi bir dəfə Avropa çempionatında nəticə əldə etmişik.
Uğursuzluğu baş məşqçinin zəifliyində görürəm. Artıq hər kəs bilir ki, komandanı hansı taktika ilə oynadır. Qazaxıstan millisini xüsusi vurğulamaq istəyirəm. O vaxt biz onları “Xəzər adaları” ilə Almatıda yoxlama oyununda məğlub etmişdik. Həmin vaxt oynayan gənclər indi əsas heyət oyunçularıdır. Mən uğursuzluğun səbəbini yalnız və yalnız baş məşqçidə və onun seçdiyi taktikada görürəm. Alesio federasiyanı da günahlandıra bilər. Belədirsə, öz dili ilə desin ki, federasiya mənim üçün şərait yaratmamışdı”.
Kənan Həsənov (“Futbol+”)
“Uğursuzluq gözlənilən idi. Bunu şərtləndirən səbəblər var idi. Komanda yetərincə oyun keçirməmişdi. Ukrayna və Belçika ilə yoxlama oyunları bu problemləri üzə çıxarmışdı. Az oyun keçirilməsində də günahkar birmənalı olaraq federasiya rəhbərliyidir. Lazımi qədər oyun keçirilsəydi, komandadaxili əlaqələr də normal olardı. Komanda da normal oyun göstərərdi. Çempionat ərəfəsində də hər kəs deyirdi ki, əsas olan Gürcüstanla oyun idi. Amma əfsuslar olsun ki, yığma bu vəzifənin öhdəsindən gələ bilmədi. Bunun isə əsas günahkarı baş məşqçidir. Düzdür, heyətdə koronavirusla bağlı problemlər var idi. Amma bunlara rəğmən, milli Gürcüstanı udmalı idi. Çünki təcrübə və heyət baxımından onlardan üstünük. Alesionun səhvləri ucbatından onları məğlub edə bilmədik. Əslində, Alesio özü də səhvləri etiraf etmişdi. Bu səhvlərin sonu da böyük bir uğursuzluq, biabırçılıq oldu. İspaniya ilə oyun göstərdi ki, bu komandanın potensialı var. Amma Gürcüstanla oyunda baş məşqçinin səhvləri həlledici oldu. Öz problemini həll edə bilməyəndə, kiməsə möhtac olanda, sonluq belə olmalı idi. Millidən nəsə gözləmək düzgün deyildi. Yığmanın qrupda qalması çöx böyük biabırçılıqdır.
Söhbət kiminsə getməsi deyil. Əli gedib, Vəli gələcəksə, eyni şey olacaq. Problem odur ki, uzun illərdir yeni futzalçı yetişmir. Millidə eyni simalardır. Legionerlər gəlir, əsasən də braziliyalılar. Bunun özü yanlış siyasətdir. Azərbaycanda normal futzalçı yetişmir, gənclər gəlmir. Bu siyasəti neçə illərdir yürüdən də Zaur Axundovdur. Axundovun siyasəti Azərbaycan futzalını inkişaf etdirmir, əksinə, geri salır. Legionerlərin sayı get-gedə artır, yerlilər isə inkişaf etmir. Millimiz neçə dəfə Avropa çempionatına vəsiqə qazansa da, Azərbaycan futzalı bundan nəsə qazanmır. Komandanın start heyətinə baxın, bir yerli futzalçı var, o da qapıçı. Ehtiyatda isə bizim oyunçulardır. Bu da onu göstərir ki, Azərbaycanda son illərdə Avropa səhnəsinə çıxaracaq bir futzalçı yoxdur. Alesio özü də etiraf etmişdi ki, bu Avropa çempionatı bir çoxu üçün sonuncu olacaq. Azərbaycan futzalı ancaq legionerlərin çiyinlərdə daşınır. Bunun başqa izahı yoxdur. Azərbaycan futzalında çox ciddi və böyük problemlər, sistemsizlik var. Məndən olsa, rəhbərlik və baş məşqçi, braziliyalı futzalçılar göndərilməlidir. Komandada yerlilər olmalıdır. Bundan başqa bir çarə yoxdur. Alesio savadlıdır, buna bir şey demirəm. Onun köməkçisi azərbaycanlıdır. Heç deyilsə, gətir onu qoy, bir az şans ver, bir sistem qurulsun”.
Mirağa Mirzəyev (“Fanat.az”)
“Uğursuzluq təkcə AÇ ilə bağlı deyil. İstər klub, istərsə də yığma səviyyəsində son illərdə uğursuzluqlar sıralanır.
Əvvəla, hələ bir neçə il əvvəldən nəsildəyişmə prosesinə başlanılmalı idi. Heyətin 75-80 faizinin yaşı 35-dən çoxdur. Vitali Borisov, Namiq Məmmədkərimov, Rəcəb Fərəcov getdi, onların yerinə gənclər cəlb olunmadı. Eyni heyət, eyni legionerlər. Milliləşdirilən futzalçılar da 10-12 il əvvəlkilərin yarısı da deyil. Təsəvvür edin, Vassura Braziliyada 7×7-yə mini futbol oynayır, sonra da gəlib millidə çıxış edir. Legionerlərdən birdəfəlik imtina etmək çarə deyil. Dünyanın az qala bütün millilərində, hətta Rusiya, İtaliya, Qazaxıstan, İspaniya, Portuqaliya kimi aparıcı komandalarda da başqa millətin nümayəndəsinə rast gələ bilərsiz. Amma millini büsbütün gəlmələrdən formalaşdırmaq doğru seçim deyil. Bu baxımdan, Gürcüstanın AÇ-də bizimkiləri üstələməsinə xüsusi önəm verməyək. Qonşularımız bizim 12-13 il əvvəl keçdiyimiz yolu indi gedir. Amma biz də yerimizdə sayırıq və faktdır ki, qonşu ölkənin milliləşdirilmiş legionerləri səviyyəcə bizimkiləri üstələyir. Yığmanın hazırkı heyətində olan legionerlərin əksəriyyəti ilə vidalaşmaq lazımdır. İki-üç səviyyəli, təcrübəli əcnəbi kifayətdir.
Daha bir səbəb çempionatda rəqabətin aşağı olmasıdır. Düzdür, hətta güclü olanda da Joze Alesio Da Silva əsasən “Araz Naxçıvan”dakı oyunçulara güvənirdi. Ancaq heç olmasa, rəqabət Naxçıvan təmsilçisini formada saxlayırdı. İndi “Araz Naxçıvan” oyunları rahatlıqla qazanır. Təsadüfi deyil ki, Alesionun komandası meydana çıxdığı 11 oyunun hamısında qalib gəlib, rəqiblərinin qapısından 108 top keçirib. Hər oyunda orta hesabla hardasa 10 qol.
Alesionun getmək vaxtı çoxdan çatıb. O, burdan qaçıb Qazaxıstana gedəndə missiyasını başa vurmuşdu. Təsadüfi deyil ki, geri qayıdandan sonra ciddi uğur qazana bilmədi. Millidə və “Araz Naxçıvan”da uzun illər işləməsinə baxmayaraq, federasiya rəhbərliyinin qarşısına layihə qoya, qoysa da, onun həyata keçirilməsinə nail ola bilmədi”.
Kamran Hacı (“Allsport.az”)
“Birincisi, bəxtsizliklə əlaqələndirirəm. Koronavirus testlərinin neqativ çıxması və bunun müntəzəm hal alması komandanın ovqatına mənfi təsir etdi. İkincisi, ilk oyunda hakim səhvləri sonda imkanı onsuz da məhdudlaşan Azərbaycan millisinin nəticəsinə təsir etdi. Üçüncüsü, hesabda 2:0 irəlidə olan komanda sonradan üç top buraxıb yenilirsə, demək, burada məşqçi heyətinin taktiki səhvi var.
İlk cavabıma uyğun olaraq, komandaya bir dəfə də fürsət vermək lazımdır. Qalsınlar, ilk yenilgidən sonra necə toparlanıb geridönüş etdilərsə, buna bir də cəhd göstərsinlər. Buraxılan səhvləri bir daha təkrar etməsinlər”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin