“Hər oyuna 3 xal qazanmaq üçün çıxacağıq” – Azərbaycan millisinin üzvü
Futzal üzrə Azərbaycan milli komandasının kapitanı Rizvan Fərzəliyev müsahibə verib.
Komanda.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə danışan futzalçı, növbəti il karyerasını bitirməyi düşündüyünü deyib:
- 4 oyun və 12 xal. Millimizin arxada qalan qrup matçlarını bizim üçün təhlil edərdin.
- Başlanğıc çox çətin oldu. Çünki biz ötən ilin mart ayından etibarən zalda məşq etməmişdik, heç bir yoldaşlıq və ya rəsmi oyun keçirməmişdik. Bu azmış kimi, cəmi 10 gün ərzində zalda oyuna hazırlaşmalı olduq. Əslində, azı 10-12 gün eləcə zala uyğunlaşmağa lazım idi. Ancaq biz bu müddətdə həm zala uyğunlaşdıq, həm də oyuna hazırlaşdıq. Bakıda oynamağımız üstünlüyümüz oldu. Oyunu izləyənlər də gördü ki, həqiqətən, qələbəni çətinliklə qazandıq. Növbəti görüşümüzü rəqib meydanında keçirdik. Səfər amili çətinlik yaratsa da, çalışdıq ki, ilk dəqiqələrdən oyuna nəzarəti özümüdə saxlayaq. Erkən qollar vurduq, bu da işimizi bir qədər yüngülləşdirdi. Son iki duelimiz Moldova ilə oldu.
- Moldova millisi ilə oyunlardan hansı çətin keçdi?
- Düzdü, həm Bakıda, həm də səfərdə rəqib qapısından 5 top keçirdik. Ancaq səfərdəki oyun daha ağır oldu. Bakıdakı matçda üstünlüyümüzü rahat şəkildə yaratdıq. Çoreskudakı görüşdə bu qədər rahat ola bilmədik, rəqib imkan vermədi. Buraxdığımız qollar da bunun göstəricisidir. Bakıda rəqib bir dəfə qol sevinci yaşadısa, öz meydanında bu sayı 3-ə çatdırdılar. Ancaq qarşıya qoyulan məqsəd qələbə qazanmaq idi, biz də işimizin öhdəsindən gəldik. Hazırda 4 oyundan 12 xal toplamışıq və zirvədə qərarlaşmışıq. Məncə, qarşıya qoyulan məqsədə addım-addım yaxınlaşırıq.
- Avropa çempionatına vəsiqə təmin edildi. Qalan iki oyunda məqsəd nə olacaq?
- Biz hər oyuna 3 xal qazanmaq üçün çıxacağıq. Vəsiqəni əldə etsək də, birinci pilləni təmin etməliyik. Apreldə səfərdə Slovakiya ilə qarşılaşacağıq. Çətin olacaq, amma Moldova ilə son matçdakı səhvlərimizi təkrarlamasaq, 3 xalla dönəcəyik. Qrup mərhələsinə Yunanıstanla duellə yekun vuracağıq. Bu oyunda da ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu oyunlar həm də bizə səhvlərimizi düzəltmək, oyun təcrübəsini, eləcə də reytin xallarını artırmaq imkanı verəcək. Niyə bu fürsətdən istifadə etməyək?
- Milli sayca 6-cı dəfə Avropa çempionatına vəsiqə qazandı. Arxada qalan 5 final mərhələsində millinin heyətində iştirak etmisən. Hansı qitə birinciliyi daha yaddaqalan olub?
- Bəli, topladığımız 12 xal növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımıza kifayət etdi. Bu münasibətlə komandamızı, azarkeşlərimizi təbrik edirəm. Çalışacam, 6-cı dəfə də qitə birinciliyində iştirak edim. Hər gün məşqlərimi edir, formamı qoruyuram. Yaş baxımından ən çətin turnirim olacaq. Amma uşaqlardan geri qalmamaq üçün əlimdən gələni edirəm. İnşallah, ən uğurlu nəticəmizi bu dəfə qazanarıq. Ən yaddaqalan Avropa çempionatı 2010-cu ildə debüt etdiyimiz yarış oldu. Siftəmiz olmasına baxmayaraq, yekunda yarımfinalçı olduq və yarışı dördüncü pillədə başa vurduq. Bu dəfə yaxşı nəticə qazanmalıyıq ki, karyeramı da uğurlu sonluqla yekunlaşdırım. Məhz gələn il keçiriləcək qitə birinciliyindən sonra karyeramı başa vurmağı düşünürəm.
- Oyunçu Rizvan karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərəcək, yoxsa başqa sahədə çalışacaq?
- Fikrimdə məşqçi kimi çalışmaq var. Bu sahədə özümü indidən sınayıram. Həvəskar komandalarla müxtəlif turnirlərdə iştirak edirəm. Artıq baş məşqçi kimi üç çempionluq qazanmışam. Oyunçu kimi karyeramı bitirdikdən sonra, futzalda məşqçi kimi çalışacam.
- Qarşıdan Novruz bayramı gəlir. Kapitan bu bayramla bağlı xatirələrini bölüşərmi?
- Novruz milli bayramımızdır. Bu bayram münasibətlə xalqımızı təbrik edirəm. Əlbəttə, bayramla bağlı xatirələrimiz çoxdur. Uşaq vaxtı papaq atardıq, yumurta döyüşdürərdik, müxtəlif əyləncəli oyunlarda iştirak edərdik. İndi bayramlar əvvəlki kimi keçmir. Allah süfrələri ruzi-bərəkətli eləsin, ən əsası, sağlam canla yaşamaq qismətimiz olsun. Onu da deyim ki, bu dəfə Novruz bayramı fərqli əhval-ruhiyyədə keçiriləcək. 30 ilə yaxındır işğal altında olan torpaqlarımızda da indi milli bayramımız olan Novruz qeyd ediləcək. Bu zəfəri bizə yaşadan Ali baş komandana, ordumuza təşəkkür edirəm. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza tez sağalmağı, qazilərimizə isə can sağlığı arzulayıram. Onu da qeyd edim ki, qardaşım ehtiyatda olan zabit kimi Zəfər yürüşündə iştirak edib. Təbii ki, onunla fəxr edirik.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin