SORĞU: “Dağa-daşa düşməyə ehtiyac yoxdur, günahkarlar AFFA-da oturublar”

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında İsveçə (1:3) və Slovakiyaya (0:2) qarşı keçirdiyi oyunlarda məğlub oldu. Bu məğlubiyyətlərdən sonra Azərbaycan yığması yenə gündəmə çevrildi. Milli komandanı tənqid edənlərin sayı çoxdur.

Biz isə Komanda.az olaraq həmkarlarımızın yeni baş məşqçi Fernandu Santuşlu milli komanda haqda fikirlərini öyrənmək istədik:

1: Fernandu Santuşlu Azərbaycan millisinin iki rəsmi oyunu sizdə hansı təəssüratı yaratdı?

2: İki oyun, iki məğlubiyyət – bu dəfə kimi günahlandıraq?

Kənan Məstəliyev (Rekord.az)

“Fernandu Santuş elə bir təsir oyatmadı. Məncə, Santuş İsveç və Slovakiya matçlarında Azərbaycan futbolu ilə yaxından tanış olmuş oldu. Məsələn, çempionat oyununda Amin Seydiyevin oyunu haqda müəyyən məlumatı ola bilər, amma onu meydana buraxmaqla, nəyə qadir olduğunu, hansı səviyyədə olduğunu sınamaqla gördü. Eyni zamanda, Ramil Şeydayev və Emin Mahmudov haqda da fikir söyləmək istərdim. Onların yol verdikləri intizam pozuntusu və Santuşun buna tədbir görməsi də diqqətçəkən məqamlardan idi. Bu iki oyun ümumən Santuşun milli komandamızla, futbolçularımızla yaxından tanışlıq mərhələsi oldu. Xüsusi dəst-xətt görmədim. Bəli, Santuş müdafiə futbolu oynadır, bunu gördük. Lakin lazım gəldikdə təhlükəli hücumlar da edə bilirlər. Bunu İsveç yığması ilə maçda xüsusilə görə bildik. Təəssüf ki, bacarıqsız futbolçularımız bundan yararlana bilmədilər və səhvlər etdilər. Nəticədə, Santuş komandanı yoxlamaq imkanı əldə etdi və gələcək üçün məlumat topladı.

Futbolumuzun problemi ancaq baş məşqçi deyil, xüsusilə də, Santuş kimi mütəxəssis deyil. Düzdür, yaşlıdır, enerjisizdir. Amma burada problem yaşda deyil. Boş yerə penalti edən müdafiəçi, bir epizodda üç dəfə boş qapıya top vura bilməyən hücumçular, topu yarımmüdafiədən hücuma ötürə bilməyən yarımmüdafiəçilər olduqca, bizim baş məşqçini böyük ölçüdə ittiham edə biləcəyimiz bir şey yoxdur. Burada ən böyük problem Azərbaycan futbolundadır. Biz bunu son iki oyunda aşkar şəkildə gördük. Azərbaycan futbolunda çox böyük problemlər var. Oyunçu qıtlığı var və bu, rəqabəti azaldır. Problemlər arasında eyni zamanda, infrastruktur, uşaq futbolu, kadr məsələləri var. Bu problemlər həll olunmadıqca, bizim milli komandadan uğur gözləməyimiz absurddur. Günahı nə məşqçidə, nə də futbolçularda axtarmaq olar. Çünki onlar ancaq buna qadirdirlər. Daha çoxuna qadir olsaydılar, “böyük beşlik” ölkələrində oynayardılar”.

Mərdan Həsənov (Newsport.az)

“Santuşun milli komandamızda xüsusi dəst-xəttini görmədim. Eyni oyun sxemi, eyni oyun taktikası, eyni futbolçular, bir-iki oyunçu istisna olmaqla. Bu isə Azərbaycan futboluna xeyir gətirməyən taktiki sistemdir. Azərbaycan futbolçuları müdafiədən oynayanda heç vaxt uğur əldə edə bilməyib. Komanda nə uğurlar, nə qələbələr qazanıbsa, hər biri hücum futbolu oynadıqlarına görə baş verib. Bunu nəzərə alaraq, hücum futbolu oynamaq lazımdır. Həmin oyunda diqqətimi çəkən daha bir məqam Ramil Şeydayevlə Emin Mahmudovun “Neftçi”də olan problemlərini milli komandaya daşımaları oldu. Şeydayev kobud da çıxsa, deməliyəm, tərbiyəsizlik etdi və Emin Mahmudov da buna susdu, cavab vermədi. Santuşdan buna tədbir görməsi gözlənilirdi və ikinci oyunda o, hər iki futbolçunu ehtiyatda saxladı. Bu, təqdirəlayiq davranış idi. Lakin ümumən, oyunda xüsusi dəyişiklik, qeyd olunacaq məqam görmədim. Düzdür, vaxt azdır. Cəmi iki oyun və bir neçə gün bir yerdə olmaları çox böyük dəyişiklik etməyə imkan verməyə bilər. Amma biz həmin dar çərçivədə edə biləcəyi dəyişikliyi də görmədik.

Biz birinci növbədə özümüzü günahkar hesab etməliyik. Media əhli, azarkeşlər. Çünki biz hər dəfə Azərbaycan futbolu üçün yaxşı dəyişiklik olacağına ümid edirik. Lakin Azərbaycan futbolunu idarə edən şəxslər nə qədər ki, bu strategiyanı dəyişməyəcəklər, biz heç bir uğur əldə edə bilməyəcəyik. Yalnız təsadüfi qələbələr ola bilər. Biz Azərbaycan futbolunun inkişafını istəyiriksə, hansısa “pensioner” məşqçiyə milyonları tökmək əvəzinə, cavan və perspektivli kadrlara şans tanımalıyıq. Yerli mütəxəssislərimiz də kifayət qədər var. Eyni zamanda, akademiyalara dəstək olmalıyıq. Klublarımızın bir çoxunun akademiyası heç də ürəkaçan səviyyədə deyil. Azərbaycan klublarının qarşısında akademiya saxlamaq şərti qoyulmasa, bir çox komandalarımız bundan imtina edər. Ancaq millimizin formalaşması üçün ilk növbədə akademiyalarımızın formalaşması şərtdir. AFFA da bu akademiyalarla maraqlanıb, lazımı dəstəyi verməlidir. Hazırda Azərbaycanda uşaq futbolunda elə dırnaqarası mütəxəssislər var ki, onlar tamamən futboldan uzaqdırlar. Xarici “pensionerlər”ə xərclədiyimiz milyonları düzgün yönəldib, eyni zamanda, uşaq futboluna dəstək olmaq lazımdır. Akademiyalarda heç bir inkişaf olmasa, milli komandada da inkişaf olmayacaq. Danışmaqla bitməyən, etməli olduğumuz bir çox işlərimiz var. Lakin təəssüf ki, bunu edəcək idarəçilərimiz yoxdur”.

İlkin Sultanlı (Offsideplus.az)

“Santuş tanınmış mütəxəssisdir, Avropa çempionudur. Hücum futbolu oynatmaq istəyir. Amma bu futbolçularla alınacaq, ya alınmayacaq, deyə bilmərəm. Məğlubiyyətlərin ikisində də günahkar oyunçulardır. Yazımda da qeyd etmişəm, klublarında “əjdaha” olan oyunçuların millidə ayaqları əsir. Ölkədə futbol mentaliteti dəyişməsə, heç nə düzəlməyəcək”.

Natiq Muxtarlı (Aut.az)

”Azərbaycan yığmasının Millətlər Liqasındakı iki oyunu gözlənilən nəticə ilə yekunlaşdı. Hər şey əvvəldən bəlli idi: Santuş cadugər deyil. Baxmayaraq ki, AFFA rəhbərliyi başqa düşüncədədir. Onlar hesab edirdilər ki, Santuş cadugərdir və azərbaycanlı futbolçulardan Ronaldo düzəldəcək.

Futbolumuz 20 ilə yaxındır ki, belə idarə olunur: AFFA rəhbərliyi futbolçu yetişdirmək istəmir, əvəzində xaricdən mütəxəssis dəvət edirlər və hesab edirlər ki, bu işi onlar görəcəklər. Berti Foqtsu da, Robert Prosineçkini də buna görə gətirmişdilər. Santuş da eyni məqsədlə gətirilib. Bu adamlar israrla futbolçu yetişdirmək niyyətində olmadıqlarını, bunun üçün infrastruktur qurmaq istəmədiklərini bildirilər. Azərbaycan futbolunun problemi bəllidir: ölkədə normal futbolçu yetişdirmək üçün infrastruktur və kadr potensialı yoxdur. Amma AFFA rəhbərliyi bu problemi görməzdən gəlir. Deməli, futbolumuzun əsas günahkarı idarəçilərdir. Nə qədər ki, Azərbaycan futboluna belə idarəçilər rəhbərlik edir, futbolumuz elə belə də olacaq. Azərbaycan xalqı da əsas günahkarı qoyub, Şeydayevi, Seydiyevi, Mustafazadəni, Əlini, Vəlini ittiham edəcək. Amma Əlinin və Vəlinin heç bir günahı yoxdur. Onlara futbolun belə oynanıldığı öyrədilib. Onlar da öyrəndikləri kimi oynayırlar.

İdarəçilər və sistem dəyişməlidir. Dağa-daşa düşməyə ehtiyac yoxdur, günahkarlar AFFA-da oturublar”.

Anar Şabanoğlu (Sports.az)

“Komandamız ilk matçı çox yaxşı keçirdi. Ramil Şeydayev penaltini vursaydı, bəlkə də, oyun tam fərqli məcrada inkişaf edəcəkdi. Slovakiyadakı qarşılaşmanı isə bərbad keçirdik. Santuşun yaxşı məşqçi olduğu bəllidir. Amma bu dəfə rəqib yaxşı təhlil olunmamışdı, əsas heyət düzgün qurulmamışdı.

Ruhsuz komandadır. Rəqibə ustalıq cəhətdən uduzmaq olar, amma futbolçular milli üçün döyüşməli, fədakarlıq etməlidir. Millidə pul, mükafat üçün oynamamalıdırlar. Bu milli komanda mütləq yenilənməlidir, nəsil dəyişməlidir. Ölkənin siması olan komandada milli formanın dəyərini anlayan, bu formanın haqqını verən, bu formaya layiq xarakterli futbolçular çıxış etməlidir”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button