“Mən öz fiziki gücümü bilirəm” – Torres
Bir neçə gün əvvəl futbolçu karyerasını bitirdiyini açıqlayan Fernando Torres Tokioda mətbuat konfransı keçirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, son olaraq Yaponiyanın “Saqan Tosu” klubunda çıxış edən ispaniyalı sabiq futbolçu, qərarıyla bağlı bunları deyib:
“Hər zaman dürüst olmaq və lazım olan səviyyədə çıxış etmək istəmişəm. Mən öz fiziki gücümü bilirəm və ona uyğun hərəkət etməyə çalışıram. Buna görə də, karyeramı yaxşı şəkildə bitirmək istədim. Futbolla vidalaşmaq üçün ən yaxşı anı tapmağa çalışdım və düşünürəm ki, bu, mənim üçün ən mükəmməl zaman oldu”.
İspaniya millisinin sabiq hücumçusu, karyerası ərzində birlikdə oynadığı ən yaxşı futbolçunun da adını açıqlayıb:
“Hər zaman birlikdə oynadığım ən yaxşı futbolçunun Stiven Cerrard olduğunu demişəm. Düşünürəm ki, o, mənim oyunumu tamamlayan biri idi. Onunla meydanda olduğum zaman oyun səviyyəm fərqli bir yerə çatırdı. Onunla birlikdə inanılmaz 3,5 il yaşadıq və mən o günlərin hətta bir dəqiqəsinə belə, qayıtmaq istəyərdim”.
Bizi Facebook-da izləyin