“Futbolçuların taktiki biliyi o qədər də yaxşı səviyyədə deyil” – Vahabzadə
Yeni mövsüm üçün hazırlığın ilk mərhələsini başa çatdıran “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə açıqlama verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis, futbolçuların vəziyyəti ilə bağlı danışıb:
“Bu ayın əvvəlindən məşqlərə başlamışıq. Son bir neçə gündə səhər və axşam olmaqla gündə iki dəfə hazırlıq keçmişik. Gəncədəki toplanışın sonuncu günündə ikitərəfli oyun keçirib, futbolçuların vəziyyətinə bir daha baxdıq. Pis deyillər, vəziyyətləri qənaətbəxşdir. Çalışdılar ki, özlərini ən yaxşı tərəfdən göstərə bilsinlər. Buna baxmayaraq, hələ çox çalışmalıyıq.
Bundan sonra Bakıda gündə iki dəfə məşq edəcəyik. Səhər fiziki hazırlıq keçəcəyik, axşam isə taktika üzərində işləyəcəyik. Futbolçuların taktiki biliyi o qədər də yaxşı səviyyədə deyil. Paytaxtda bizə yeni futbolçular da qoşulacaq. Toplanışda onlara da baxacağıq. Hər mövqeyə yeni futbolçu lazımdır”.
Bizi Facebook-da izləyin