“Azərbaycan millisi nə vaxt turnirlərin son mərhələsinə vəsiqə qazanıb ki, mən gələndə qazanmadı?” – Yurçeviç

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç OFFSİDE səhifəsində təşkil olunan canlı yayımda azarkeşlərin ona ünvanlanan suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis, millidəki işindən və nəticələrdən danışıb:

-Millimizin son 2 oyunu – Uels və Xorvatiya ilə matçlarla bağlı təəssüratlarınız necədir?
– Son iki oyunla bağlı onu deyə bilərəm ki, hər iki oyunda oyunçularımın performansından razı qaldım. Uelsdəki oyunda hər 2 qolu bəxtsizlikdən buraxdıq. Onlardan biri oyunun sonlarına yaxın oldu. Bu səbəbdən də səfərdən yaxşı nəticə ilə qayıda bilmədik. Ardınca 8-ci km stadionunda dünya vitse-çempionları ilə oyunda heç-heçəyə (1:1) nail olduq. Bu nəticəni sensasiya adlandırmaq olar. Vitse-çempionlardan xal almaq indiyə qədər göstərilməyən nəticə idi. Buna görə də, futbolçularımla qürur duyuram.
-Siz gələndən komandada nə dəyişib?
– Bu barədə uzun-uzadı danışmayacağam. Dəyişiklik daha çox heyətlə bağlı olub, millidə gənc futbolçuların sayı artıb. Artıq Ramil Şeydayev əsas hücumçu sayılır. Gənc oyunçudur. Mahir Emreli, Anton Krivotsyuk da həmçinin. Renat Dadaşova bir oyunda meydana çıxma şansı yaratdıq. Bundan başqa, Bəhlul Mustafazadəyə debüt etmək şansı verdik. Rahil Məmmədov daha əvvəl də oynayıb, biz də imkan yaratdıq ki, yerini möhkəmləndirə bilsin. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, bu futbolçular milli komandanın gələcəyidirlər. Onlar fiziki göstəricilərini artırsalar, bu bacarıqla Avropa komandalarına qarşı oynaya bilərlər. Həmin oyunlarda diqtə etməsək belə, başabaş mübarizə apara bilərik.


-Azərbaycan futbolunda nə çatmır? Bizim əsas problemimiz nədən ibarətdir və nə üçün biz digər millilər kimi yaxşı nəticələr göstərə bilmirik?
– Bunun iki səbəbini qeyd edə bilərəm. 30 ilə yaxındır ki, Azərbaycan millisi müstəqil olaraq yarışlarda iştirak edir. Ancaq həmişə sonuncu səbətdə yer alır. Bu o deməkdir ki, daha güclü komandalarla rəqib olur. Nəticədə, güclü komandalarla oynayaraq daha yaxşı yerə gəlib çıxa bilməyib. İşin bir tərəfi budur. Digər səbəbə gəlincə, reallığa nəzər salsaq, ölkədə cəmi 8 klub var. 8 klubda aşağı-yuxarı götürsək 5-6 nəfər oyunçu mütəmadi olaraq futbol oynayırsa, bu bizim seçim imkanımızın azalmasına şərait yaradır. Bu həm də o deməkdir ki, ölkədə milli komandaya düşmək üçün yerli oyuçular arasında rəqabət yoxdur. Rəqabətin olmadığı yerdə çox yüksək iddiaların ortaya çıxması inandırıcı deyil.


Baş məşqçinin əsas heyəti seçməyinə nə təsir edir?
– Ümumi heyəti müəyyənləşdirmək üçün həlledici olan hər bir oyunçunun klubunda göstərdiyi oyundur. Ümumi heyət müəyyən olunduqdan sonra, həlledici olan məşqlərdə olan göstəricilərdir. Bununla yanaşı, heyət seçiminə rəqibin hansı komanda olması da təsir göstərir. Oynadığımız rəqibin üstün tərəfləri nələrdir, məsələn, onlar standart vəziyyətlərdə nə qədər effektli oynayırlar, və ya əksinə. Bu və digər məsələləri dəqiqləşdirdikdən sonra çalışırıq elə heyət quraq ki, ən azından müqavimət göstərə bilək. Belə deyək, rəqibin oyun tərzi baş məşqçi kimi mənim heyət seçimimə təsir edir.


-Dünya və Avropa çempionatlarının seçmə mərhələsi başlayanda hər dəfə ümidlənirik, sonluq isə eyni olur. Sizcə, Azərbaycan yığmasının Avropa və dünya çempionatında oynaması üçün biz nəyi dəyişməliyik və bunun yaxın zamanlarda baş verməsi nə dərəcədə realdır?
– Bunu bir dəfə də demişəm. Mən əminliklə deyirəm, hələ indiyə qədər olmayıb ki, azı mən futbolun içində olduğum 30 ildə görməmişəm ki, sonuncu səbətdə olan komanda bir turnirin son mərhələsinə vəsiqə qazansın. Bu mümkün olan iş deyil. İlk öncə biz çalışmalıyıq ki, daha yuxarıdakı səbətlərdə yer alaq. Belə olanda oynayacağımız rəqiblərin də bir neçəsi bizdən zəif olacaq. Və bizim şansımız indikindən daha çox olacaq. Bununla yanaşı, gərək bizdə rəqabət vəziyyəti yaransın. Bu o deməkdir ki, daha çox klublar olsun, daha çox futbolçular olsun. Belə olan halda futbolçular əsas milli komandaya düşmək üçün daha çox çalışacaqlar. Üstəlik, ölkə xaricində bizim futbolçularımız oynamalıdır ki, onlar da milli komandanın xeyrinə iş görsünlər. Yığmanı bu cür böyük turnirlərə daşısınlar.


-Futbol ictimaiyyətini əsas heyətin formalaşdırılmasından sonra narahat edən məqamlar var. Əsas suallar – Emin Mahmudov, Ömər Buludov, Ağabala Ramazanov, Renat və Rüfət qardaşlarına niyə az şans verilir? Niyə hər oyun Mahir Emreli start heyətdə oynayır? Rəhman Hacıyev, Namiq Ələsgərov niyə milliyə çağırılmır? Emil Balayev və Təmkin Xəlilzadə bundan sonra əsas heyətdə yer alacaqmı?
– İlk öncə onu deyim ki, hamısı haqqında detallı danışa bilməyəcəm. Ancaq bir şey dəqiqdir ki, mən klub məşqçisi deyiləm. Ona şans ver, buna şans ver – mən bunu çatdıra bilmərəm. Ortalama götürsək, hər iki aydan bir, 1 və ya 2 dəfə oyuna çıxırıq. Burda futbolçulara şans verməyi çatdırmaq mümkün deyil. Götürək Ömər Buludovu. Buludov, həqiqətən də, mənim gözümdə perspektivli oyunçulardandır. Ondakı istedadı görməsəm, milli komandaya dəvət etməzdim. Ancaq Buludov oynayır sağ cinah müdafiəçisi mövqeyində, milli komandanın kapitanının oynadığı mövqedə. Maksim Medvedevi yerindən oynadıb mərkəzə çəkəsi olsaq, onda həmin mövqedə Ukrayna kimi ölkədə daha güclü çempionatın üçüncüsü olan klubda davamlı əsas heyətdə yer alan Paşayev var. Mənim yerimdə siz olsanız, iki belə oyunçunu kənarda qoyub, perspektivli gənc oyunçuya şans vermək nə dərəcədə realist yanaşma olar? Sözün düzü, belə suallar ortaya çıxanda mənim futbolun gələcəyi ilə bağlı inamım qalmır. Biz görürük ki, bizim oyunçularımızın müəyyən qədəri öz klublarında aparıcı rol oynamırlar. Oyuna sonradan buraxılan, bəzən 7, 10 dəqiqə oynayan futbolçuları niyə heyətə, hətta bəzən əsas heyətə salmırsan deyirlər. Mənə belə sualları verilməsini, sözün düzü, başa düşə bilmirəm. Bu sualı mənə yox, klubun baş məşqçilərinə vermək lazımdır ki, siz bu oyunçuları niyə oynatmırsınız? Həqiqətən, kim inanır ki, bu oyunçular öz klublarında həlledici rol oynamadıqları halda, mən onları Luka Modriçə, Qaret Beylə qarşı necə oynada bilərəm? Yanlış anlaşılmasın, mən oyunçular barədə pis fikir bildirmirəm, hamısı yaxşı oyunçulardır. Ancaq beynəlxalq oyunlarda mübarizə aparmaq üçün ən azından öz klubunda aparıcı oyunçu olmalısan.
Bir sual da mən verim. Oynadığımız komandaların futbolçuları İngiltərə, İtaliya, İspaniya klublarında əsas heyət oyunçularıdır və hər həftə yüksək səviyyəli oyunlar oynayırlar. Belə oyunçulara qarşı öz liqanda “Keşlə”, “Zirə” kimi klublara qarşı oynamadan sən meydana çıxıb necə oynayacaqsan? Bəzən jurnalistlərin, ya da sözü keçən adamların vasitəsi ilə məşqçiyə təyziq etmək istəyən futbolçular anlamalıdırlar ki, onlardan tələb olunan üzərlərində çox işləyib klublarında aparıcı oyunçu olmaqlarıdır. Belə olan halda başqa nəyəsə ehtiyac qalmayacaq. Belə olan halda milliyə dəvət də alacaq, oynayacaq da.


-Slovakiya və Macarıstan məğlubiyyətlərində taktiki seçim düzgün deyildi, yoxsa rəqiblər çox güclü idi?
– Oyundan sonra danışmaq çox asandır. Taktika və ya oyunçu seçimi düzgün deyildi və s. bu kimi müxtəlif fikirlər yürüdülməsi, haqlı, ya da haqsız olmasından asılı olmayaraq, başa düşüləndir. Ancaq reallıq budur ki, həmin 2 oyun olan vaxt bizdə oyunçuların fiziki durumu nəinki arzuolunan səviyyədə deyildi, hətta çox uzaq idi. Digər tərəfdən, bizim planlarımız da suya düşdü. Oyundan əvvəl bilirdik ki, standart vəziyyətlər rəqiblərin üstün tərəfidir. Ona görə də biz məşqlərdə mümkün qədər standart vəziyyətlər üzərində işlədik. Ancaq bu da bəs etmədi və standart vəziyyətlərdən qollar buraxdıq. Slovakiya bəlkə də ən yaxşı oyunlarında birini keçirdi. Oyunun əvvəlindən lazımi müqaviməti göstərə bilmədik. Nisbətən güclü rəqiblərlə qarşılaşmada belə situasiya yaranırsa, sonra vəziyyəti düzəltmək mümkün olmur.


-Futbolda motivasiya amili çox önəmlidir. Siz məğlubiyyətdən sonra, və ya oyundan əvvəl oyunçuları necə motivasiya edirsiniz? Və bu onlara matçın gedişində nə dərəcədə kömək olur?
– Oyunlardan sonra mənə oyunçuları görmək çox vacibdir. Onların nə düşündüyünü, özlərini necə hiss etdiklərini bilməliyəm. Məsələn, son olaraq, Kardiffdəki o cür oyundan, canfəşanlıqdan, çalışqanlıq və əziyyətdən sonra xalsız qayıdanda baxırsan ki, hər kəsin üzündən yorğunluq, məyusluq yağır. Belə vəziyyətdə həmin dəqiqə uşaqlarla nəsə danışmağın mənası yoxdur. Mən də çalışıram ki, onları rahat buraxım. Qayıdandan sonra çalışdım ki, yüngül gün keçirsinlər. Yalnız bərpa olsunlar, çox stressə qapılmasınlar. Onlanlarla fərdi və ya qrup şəklində söhbətlər edir, ümumi vəziyyəti izah etməyə çalışıram ki, əslində nələr yaxşı idi, nələr qane etmədi. Sonra isə onları sərbəst buraxıram. Oyuna az qalmış isə daha çox ünsiyyət qururuq. Son oyunda qeydə alınan üstün tərəflərimiz və qələbə üçün nələr çatmadı onu qeyd edirəm. Bir faktı da qeyd edim ki, nəinki məğlubiyyətdən və ya hansısa oyundan sonra, ümumiyyətlə həmişə oyunçularıma deyirəm ki, milli komanda üçün oynamaq hər kəsə qismət olmayan fürsətdir. Bunun qürurunu yaşamalı və hər kəs əlindən gələni də, gəlməyəni də ortaya qoymalıdır. Millidə oynamaq çox futbolçunun xəyalıdır, bunu hər dəfə motivasiya üçün qeyd edirəm.

-Millinin uğursuz oyunlarından sonra özünüzü necə motivasiya edirsiniz? Hansısa məğlubiyyətdən sonra istefa haqqında düşünmüsünüzmü?
– Sözsüz ki, oyunu udzandan sonra heç kim xoşhal olmur, mən də eynilə. Xüsusilə, Uelslə olduğu kimi oyundan sonra və yaxud da Xorvatiya ilə ilk oyundan sonra insanda məyusluq daha böyük olur. Çünki sona qədər yaxşı mübarizə aparırsan, ümid edirsən ki, nəsə olar, ancaq alınmır, məğlub olursan. Və ya oyunu elə hesabla uduzursan ki, zərbəsi daha ağır olur. Ancaq ömrünün böyük hissəsini futbolda keçirən adamam. Həm oyunçu kimi, həm məşqçi kimi bir çox yerlərdə çıxış etmişəm. Bütün bunların fonunda çalışmalısan ki, peşəkarlığını qoruyasan. Sözsüz, məyussan, ancaq uzağı 1 gün çəkməlidir. Sonra özünü toparlayıb növbəti oyun barədə düşünməlisən. Onsuz da keçən oyun sənə kömək etmir. Məyusluq nə qədər böyük olsa da, qollarını çırmalayıb irəli getmək üçün çalışmağa başlamalısan.


-Milli komanda üzvlərində fiziki problemlər var və bunu qarşısını almaq üçün hansı addımları atırsınız?
– Milli komandanın məşqçisisənsə, futbolçuların fiziki durumu ilə bağlı edə biləcəyin bir iş, bunun üçün yetərli vaxt yoxdur. Son 2 oyunu götürəsi olsaq, deyək ki, 4 günün içində 2 oyun oldu və hər ikisi də yüksək səviyyəli komandalara qarşı. Oyunun biri səfərdə oldu və matç bitdikdən sonra oyunçular gecəni səhərə qədər təyyarədə keçirirlər. Yorğun vəziyyətdə gəlib bura çatandan sonra yeni oyunun hazırlığına başlayırıq. Bütün bunları ümumi bir paket kimi götürəsi olsaq, oyunçularımın budəfəki fiziki durumundan razıyam.


Bütün dünyada U-21 komandası demək olar ki, əsas milliyə namizədlərin oynadığı komandadır. Bəs sizi U-21-in və aşağı yaş qruplarının oyunu və oyunçuları qane edir? Gələcəyə ümid var?
– Aşağı yaş qruplarının da oyunlarını izləyirəm. Məsələn, Slovakiyaya səfərdə qalib gəldiyimiz oyunun hesabını matçdan əvvəl eşidəndə, sözsüz ki, çox sevindik. Gürcüstanla oyunun nəticəsinə isə üzüldük. Ümumilikdə, onu deyə bilərəm ki, əsas milli komandanın inkişafı üçün gərək biz aşağı yaş qruplarında daha yaxşı oyunçular yetişdirək. Bunun üçün daha çox və məqsədyönlü işləmək lazımdır. Yalnız bunun sayəsində biz əsas milli komandaya daha yaxşı oyunçular çıxara bilərik.

Birinci divizionda, aşağı yaş qruplarında olan uşaqları izləyirsinizmi? İzləmisinizsə, bu barədə təəssüratlarınız necədir? Bölgələrimizdə uşaq futbolu və bölgə klublarının olmamağı sizi narahat etmir?
– Millinin oyunu sonrası həftə sonu Premyer Liqa oyunları ilə yanaşı digər oyunları izləmək imkanım olur. Düzünü deyim ki, I divizionun 2-3 oyununa baxdığım yadımdadır. Daha çoxuna baxmamışam, çünki oyunçuların ustalıq səviyyəsi Premyer Liqadan xeyli geridə qalır.


-Futbolçularımızdan hansıların xarici çempionatda oynaya biləcək potensialı var? Niyə bizim futbolçularımı legioner həyatı yaşa bilmirlər?
– Sualın ikinci hissəsi, bizim futbolçuların xaricdə oynamaması mənim üçün də müəmmadır. Bunun səbəbini mən özüm üçün də tapa bilmirəm. Ancaq onu deyə bilərəm ki, komandanın hardasa 10-12, bəlkə 13-14 oyunçusu Avropanın ortabab komandalarında çıxış edə biləsi səviyyədədir. “Qarabağ” klubu mütəmadi olaraq avrokuboklarda çıxış edir, kimsə düşünə bilər ki, artıq bu klubda oynayan futbolçu elə Avropa klubunda oynamış kimi olur. Ancaq Avropanın orta səviyyəli klublarında oynayası 12-14 milli üzvü var. Yenə də deyirəm, futbolçularımızın xaricdə niyə oynamamasının səbəbini anlaya bilmirəm. Bir versiya budur ki, lazımi agentlər, lazımi şəbəkə yoxdur əlaqələndirmək üçün. Bir səbəb də ola bilər ki, Azərbaycan Avropanın özəyindən nisbətən uzaqda qalıb. Ancaq, sözün düzü, əsl səbəbi bilmirəm. Ümid edirəm ki, nə vaxtsa oyunlarda millidə oynamaq üçün daha çox xaricdə oynayan futbolçulara dəvət göndərərik.


-AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində qarşıda bizi 3 oyun gözləyir. Hansı nəticəyə ümid edə bilərik? Və seçmə mərhələ başlamazdan əvvəl onun qarşısında hansı tapşırıqlar qoyulmuşdu və onları yerinə yetiribmi?
– Qarşıda bizim Avropa çempionatına getmək uğrunda mübarizə aparan 3 komandaya qarşı oyunlarımız var. Hər 3 oyun çox gərgin olacaq. 2 ay sonra seçmə mərhələ yekunlaşmış olacaq və ondan sonra, yəqin ki, biz Federasiya rəhbərləri ilə nəticələri müzakirə edəcəyik. Hansı qənaətə gəlinəcək, onu hələ mən də bilmirəm.


-AÇ-2020-yə vəsiqə uğrunda mübarizə bitdi deyə bilərik. Bəs DÇ-2022 üçün yenidən burda qalıb milli ilə çalışmaq istəyirsinizmi və bu komanda ilə nəticə verəcəyinizə inanırsınızmı?
– Azərbaycanda olmaqdan, burda işləməkdən, yaşamaqdan məmnunam. Tək özüm yox, ailəm də çox vaxt Bakıda olur. Komandaya gəlincə, 6-7 futbolçu var ki, yaşları 24-dən azdır. 7-8 oyunçu var ki, 20 yaş ortalarındadırlar. Az sayda futbolçu var ki, nisbətən təcrübəli, yaşlanmağa doğru gedirlər. Yaxşı bir heyət yaranıb. Gələn seçmə mərhələdə daha yaxşı oyunçulardan yararlanmaq olar. Razıyam ki, bu mərhələdə artıq şans yoxdur. Ancaq bir tərəfdən də, Azərbaycan millisi nə vaxt turnirlərin son mərhələsinə vəsiqə qazanıb ki, mən gələndə qazanmadı, yəni mən işi burmuş olum? Təsnifat mərhələlərində sıralamalara baxmışam. Adətən, qrupların son pillələrində – 5 və  ya 6-cı pillədə yer alıb, heç 4-cü yeri tutduğunu da xatırlamıram. Biz mümkün qədər çalışmalıyıq ki, Uelslə, Xorvatiya ilə oyunlarda olduğu kimi oynayaq. Bu cür oyunlar illər ərzində mütəmadi olaraq oynanmalı, futbolçularımız bu cür oynamağa vərdiş etməlidirlər. Ondan sonra, artıq getdikcə, daha böyük iddia sahibi ola bilərik. Burda qalib işləmək məsələsinə gəlincə, qeyd etdiyim kimi, Azərbaycanda olmaqdan məmnunam. Oyunçularla da aramızda yaxşı münasibət var. Mənim müqaviləm təsnifat mərhələsinin sonuna qədərdir. Ondan sonrasını artıq federasiya rəsmiləri bilər. Rəhbərliklə görüşdən sonra ya müqavilə müddətim uzadılar, ya da yekunlaşar. Bu gələcəyin mövzusudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button