“Futbolçularımla fəxr edirəm” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” komandasına qarşı keçirdikləri cavab görüşündən sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, “qartallar”ın çalışdırıcısı bunları söyləyib:
“Çox gərgin oyun oldu. Gözlədiyimizdən də gərgin keçdi. Bu mərhələdə elə-belə rəqiblər, oyunlar olmur. Şükürlər olsun. Məni sevindirən odur ki, oyunçular gərginliyə dözdülər. Onları təbrik edirəm, onlarla fəxr edirəm. Öpüb-bağrıma basıram. Futbol camiəmizi təbrik edirəm.
Penaltilər seriyasından öncə Tiaqo Silvanı tənqid etdim. “Şerif”lə oyundan sonra ona heç nə deməmişdim. Ehtiyac olmasaydı, deməyəcəkdim. Tənqid elədim ki, aqressivləşsin. Böyük ustalıq göstərdi. Dedim “Şerif”lə oyundakı penaltilərdən narazı qalmışam, özünü göstərməlisən. O da 5 penaltidən 4-nü çıxardı. Asan məsələ deyildi. Bunun öhdəsindən gəldi.
Bu gün 90 dəqiqə oynasaydıq, qəti şəkildə qarşıdakı oyunu təxirə salmayacaqdıq. 120 dəqiqə olub, həkimlərlə, məşqçi heyəti ilə toplantı keçirib, qərar verəcəyik.
Hamı istəyər qrupa düşsün. Rəqibimiz “Omoniya”dır. Onlar haqda heç bir məlumatım yoxdur. “Fehervar”la oyunlarda daha üstün olublar. “Fehervar” da bizə tanış rəqibdir. Onları udublarsa, bu, “Omoniya”nın gücünü göstərir. Seçim olsaydı, digəri ilə düşmək istərdim. Onlar avrokuboklarda təcrübəlidir. Hələ ki, bu haqda danışmaq tezdir. Çempionat oyunu olmasa, sabahdan “Omoniya” haqda düşünəcəyik. Ən yaxşısını edəcəyik ki, qruplara düşək”.
Bizi Facebook-da izləyin