“Futbolçularımı təbrik edirəm, sona qədər inandılar” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində doğma meydanda “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Sona qədər inandılar. Bərabərlik qolunu buraxdıqdan sonra reaksiya verə bildik. Oyunda gərgin mübarizə getdi. Belə çətin qələbələr xeyrimizə olacaq.
“Səbail” ötən turda “Neftçi”yə qarşı yaxşı mübarizə aparmışdı. Biz də daxil olmaqla bir çox komandadan xal alacaqlar. Rəqib istədiklərimizi etməyə imkan vermirdi. Futbolçularımız həddindən artıq top itkilərinə yol verirdi. Düşündüyümüz boşluqlardan istifadə edə bilmədik.
Şahin Diniyevlə tamamilə razıyam. Fikirləşirəm ki, bugünkü matçın ədalətli nəticəsi elə heç-heçə idi. Futbolda belə şeylər olur”.
Bizi Facebook-da izləyin