“Futbolçularımı qınamaq istəmirəm” – Aftandil Hacıyev
“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin Premyer Liqanın 6-cı turunda “Sabah”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Hacıyev, 0:3 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:
- İki fərqli hissə izlədik. Bütün hallarda, rəqibi təbrik edirəm. İlk hissədə qaçırdığımız imkanlar oldu. 4-5 100 faizlik epizodumuz oldu. Öz səhvlərimizdən qol buraxdıq. Sonra isə toparlana bilmədik. 2-ci və 3-cü qoldan sonra komandanın psxioloji və fiziki cəhətdən yorğunluğunu hiss etdim.
- “Sabah” “Səbail” üçün çətin rəqibə çevrilib…
- “Sabah” hələ qələbə qazanmamışdı. Xüsusi motivasiya ilə oyuna çıxacaqlarını bilirdik. Onlar üçün çətin rəqib olmaq fikri ilə razılaşmıram. “Səbail” “Sabah”dan fərqlənir.
- Qarşıdakı oyuna komandanı hazırlamaq çətin olmayacaq?
- Çətindi. İstədiyimiz oyunu tapa bilmirik. Çalışacağıq ki, “Neftçi” ilə oyuna hazır olaq. “Səbail”in əvvəlki turlarda qazandığı xallar aldadıcı ola bilər. Bizim digər komandalarla rəqabət aparmağımız çətindi.
- “Səbail”lə” Sabah” arasında dediyiniz fərq nə idi?
- Həm maddi baxımdan, həm də infrastruktur. Bizim bu baxımdan problemlərimiz var.
- Təhlil etdiyiniz rəqiblə bu rəqib arasında fərq nə idi?
- Elşad Əhmədovla da “Sabah” maraqlı oyun oynayırdı. İqor Ponomaryovun ilk oyunu idi. Ciddi dəyişikliyin olduğunu hiss etmədim. Sadəcə, son nöqtəni qoymaqda problemlər yaşadıq.
- Komandada eniş yaşanır demək olar?
- Ciddi yüksəliş də olmayıb. Hələ çempionatın əvvəlidi. Toparlanmağa vaxtımız olacaq. Eyni oyunçularla hazırlaşmaq çətin olsa da, çalışacağıq toparlanaq.
- Uzaqdan vurulan zərbələrdən komanda 2 oyundur qol buraxır. Bu nə ilə bağlıdı?
- 78-ci dəqiqədə vurduqları qol tək zərbə ilə bağlı deyildi. Qapıçının da səhvi var idi. Futbolçularımı qınamaq istəmirəm. Çətin dönəmlərdə yaxşı oynayıb, xal qazanıblar. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq.
- Maykl Essyenin meydana çıxması nə ilə bağlı idi?
- Mərkəz xəttini gücləndirmək üçün.
- Aleksandr Rıbkanı növbəti tur meydanda görə bilərik?
- Hələ 1 ay gözləməliyik. Artıq çəkisi də var. Bir ay sonra ağrısı olmasa, həkimlər qərar verəcək.
- Komandanın psixoloji köməyinə ehtiyac olacaq?
- Çıxışımızı qənaətbəxş hesab etmək olar. Heyətimizin güclənməsinə ehtiyac var. Yuxarı pillələrdə qalmaq üçün çalışacağıq.
- Xal itkilərindən sonra komandadan ayrılacağınız deyilir. Bu iddialar nəylə bağlıdı?
- Mən də bilmirəm. İşimizə davam edirik. Getmək lazım olsa, istənməyən yerdə qalmaram. Gedişim komandaya xeyr versə, düşünərəm. Hazırda belə müzakirələrə qarışmaq istəmirəm.
- Qeyri-sabitlikdə komandanın rəhbərliyinin rolunun olduğunu düşünürsüz?
- Rəhbərlik də istəyir ki, komandanı gəncləşdirək, yerli futbolçular oynadaq. Hər klubda çətinlik olur. Bunun öhdəsindən gəlməyə çalışırıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin