“Futbolçuları hazırlamaq baxımından problemim yoxdur” – Arif Əsədov
Azərbaycan millisinin məşqçisi Arif Əsədov Sabah Macarıstanın Sombatxey şəhərinin “Haladaş Arena” stadionunda Albaniya ilə oyundan əvvəl mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, o, əvvəlcə hazırlıq haqda danışıb.
“Millətlər Liqası öncəsi son sınaqdır. Hazırlıqları 2 hissəyə bölərdim. Mayın 30-dan başlayaraq, mövsümü tez bitirən oyunçularla hazırlıq keçdik. İyunun 3-dən isə tam komandayla məşq edirik. Bolqarıstanla qarşılaşmada tətbiq etdiyimiz modelin ardını gətirmək istəyirik. Futbolçuların münasibəti müsbət notlara ümid verir.
Onlarda da məşqçi dəyişib, bizdə də. Avropa çempionatında iştirak edəcək Albaniyaya qarşı oyun da çox maraqlı olacaq.
Məşq, futbolçuları hazırlamaq baxımından problemim yoxdur. Komandaya yaxından bələdəm. Ancaq baş məşqçi təyinatı baxımından müəyyən suallar var. Ancaq xarizmamdan maksimum yararlanıb hər cür vəziyyətə hazıram. Mən bu gün burdayamsa, bütün biliyimi milli komandanın qarşıdakı oyunlarına xərcləyirəm. Başqa heç nə barədə düşünmürəm. Millimizin uğurlu olması üçün hər şey edəcəyəm”.
Bizi Facebook-da izləyin