“Futbolçulardan istədiklərimi tam ala bilmədim” – Samir Abbasov
“Zirə”nin baş məşqçisi Samir Abasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün Rumıniyanın “Konkordiya” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçla bağlı bunları söyləyib:
“Ankarada birinci oyunumuz idi. Yoxlama görüşlərində hesab elə də vacib deyil. Düzdü, futbolçulardan istədiklərimi tam ala bilməsəm də, ən azı “Zirə”nin oyun üslübuna yaxınlaşmaq lazım idi. Bakıdakı qarşılaşmalardan fərqli, Türkiyədəki görüşlərdə bu məqsədi güdürdük. Bilmək istəyirdim ki, futbolçular həm hücumda, həm də müdafiədə nələr edəcək. Yaxşı imkanlarımız oldu, bəzən pis də çıxış etdik. Amma bu, bizi narahat etmir. Futbolçuları başa düşürəm, komanda ilk məşqlərdən sonra meydana yorğun halda çıxmışdı. Komandaya gec qoşulan Anastasios Papazoğlu, Soni Norde və Miloş Bakraç tam hazır deyil. Onlar da yavaş-yavaş bu oyunlarda formaya düşəcək. Xoş hal o oldu ki, gənc komandalarımızdan da bir neçə futbolçu bizimlədi. Bu gün onlardan ikisi meydana da çıxdı. 16 yaşı olmağına baxmayaraq, Cəlal Hüseynov bu gün yaxşı təsir bağışladı. Həmçinin Kənan Cəfərov da pis təsir bağışlamadı. Tam gücümüzlə hazırlaşırıq, qarşıda daha 3 yoxlama oyunumuz var. Ümid edirəm ki, Premyer Liqanın startına kimi hər şey daha da yaxşı olacaq”.
Bizi Facebook-da izləyin