“Qarabağ”ın futbolçusu milliyə çağırılmadı
Futbol üzrə Bosniya və Herseqovina milli komandasının AÇ-2020-nin seçmə mərhələsinin Finlandiya və Yunanıstanla qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Prosineçki 25 futbolçuya dəvət göndərib. “Qarabağ”ın yeni transferi Asmir Beqoviç isə millinin heyətinə çağırılmayıb. Prosineçki, qapıçı mövqeyi üçün “Qarabağ”ın sabiq üzvü İbrahim Şehiçə, “Maribor”dan Kenan Piriçə və “Hapoel”dən (Hayfa) Jasmin Buriçə dəvət göndərib.
Prosineçki bir müddət əvvəl açıqlamasında, Beqoviçin oyun praktikasını artıracağı halda, milliyə dəvət edəcəyini demişdi.
Bu yay “Bornmut”dan “Qarabağ”a keçən Beqoviç, Azərbaycan Premyer Liqasında iki, Avropa Liqasında isə bir qarşılaşmada iştirak edib. O, bu oyunlarda 4 qol buraxıb.
“Qarabağ” Beqoviçlə 4 aylıq icarə müqaviləsi imzalayıb.
Bosniya və Herseqovina millisi oktyabrın 12-də Finlandiya, 15-də Yunanıstanla qarşılaşacaq.
Bizi Facebook-da izləyin