“Futbol oynasaydım, maddi baxımdan daha çox qazanardım” – Azərbaycan millisinin keçmiş üzvü

“İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm. İki dəfə üz-üzə gəlmişik və məğlub olmuşuq”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycan yığmasının sabiq futzalçısı Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

“Korifeylərimiz” rubrikasının qonağı olan Borisov onların dövründə İtaliya millisinin indikindən güclü olduğunu söyləyib:

“Həmin heyətdə Mammarella, Lima, Folya kimi ulduz oyunçular yer alırdı. Komanda özü də oynamırdı, rəqibə də oynamaq imkanı vermirdi. Səhvlərdən məharətlə istifadə edirdilər. Amma Braziliya millisinə qarşı oynamağı arzulamışam. Heyif ki, çıxış etdiyim dövrdə bu baş vermədi”.

40 yaşlı mütəxəssis karyerasının ən yaddaqalan oyunlarını sadalayıb. O, yığmadakı debüt matçını xüsusi vurğulayıb:

“Portuqaliyaya 1:2 hesabı ilə uduzsaq da, oyun mənim üçün əhəmiyyətli idi. Həm debüt elədim, həm də qol hesabımı açdım. 2010-cu ildə “Dördlər finalı”nda “Luparense” ilə 3-cü yer uğrundakı qarşılaşmanı da unutmayacam. 2016-cı ildə Kolumbiyada təşkil olunan dünya çempionatının 1/8 final mərhələsində Taylandla görüş də qeyri-adi alındı. Səhv etmirəmsə, əlavə vaxtda 6 qol (oyun millinin 13:8 hesablı qələbəsi ilə yekunlaşıb) vurduq. 2014-cü il AÇ-də Sloveniyaya 2:5 hesabı ilə uduzurduq, baş məşqçi qapıçını oyunçu ilə əvəzlədi və yekunda 7:6 hesabı ilə qələbə qazandıq. “Dina” və “Ekonomaç”ın heyətində də maraqlı oyunlar keçirmişəm. Təbii ki, ancaq qələbə qazandığımız oyunlar daha çox yadda qalır”.

Vitali Borisov futzalı seçdiyinə görə peşmanlıq keçirmədiyini vurğulayıb:

“Futbol oynasaydım, maddi baxımdan daha çox qazanardım. Amma futzalda daha çox tanınmışam. Minifutbolla səfərimiz zamanı o qədər tanışlarımla qarşılaşdım ki… Futzalçı kimi Avropa çempionu və Çempionlar Liqasının qalibi olmaq istərdim. 2014-cü ildə “Barselona” ilə maraqlı qarşılaşmamız oldu, onlara oyunsonrası penaltilərdə yenildik. Qərarıma görə peşman deyiləm”.

O, Azərbaycan futzalçılarının legioner həyatı yaşamağa maraqlı olmamalarına da münasibət bildirib:

“Pandemiyadan əvvəl Xətai Bağırov qısa müddət Taylandda oynadı. Soruşdum ki, niyə qala bilmədin? Müəyyən səbəblər dedi, amma dözmək lazım idi, o tanınmış oyunçumuzdur. İsa Atayevlə Xətai Belçikaya da getdilər, amma 4-5 aydan sonra döndülər. Hər ikisi kiçik qardaşımdır, xətirlərini çox istəyirəm, amma qalmamaq səbəbləri maraqlı idi. Rövşən Hüseynli “Torpedo” kimi komandaya keçdi. Özünə də dedim ki, Rusiyada qapıçı məktəbi hər zaman güclü olub, ora getməsi özünü təsdiq etmək baxımdan əla fürsət idi. Hətta bir qədər də məşq etsə, Avropada daha yaxşı kluba keçə bilərdi. Hazırda Qazaxıstandadır, oyunlarını izləyirəm, komandasına çox kömək edir. Əlbəttə, arzulayıram ki, daha güclü klublara, çempionatlara keçsin”.

Sabiq futzalçı bu idman növündə ən güclülər hesab edilən portuqaliyalı Rikardinyo və braziliyalı Falkaonu da müqayisə edib. O, birincini üstün tutub:

“Hər ikisi karyerasını başa vurub. Rikardinyo millidə ilk oyununu bizə qarşı keçirib. Yoldaşlıq görüşündə üz-üzə gəlmişdik, onda gənc idi, onu heç kim tanımırdı. Sonrakı illərdə ona qarşı 10-dan çox matçda üz-üzə gəlmişəm, amma Falkao ilə qarşılaşmamışam. Kim braziliyalıya qarşı oynayıbsa, onu tərifləyir. Amma mənə görə Rikardinyo üstündür. Çünki portuqaliyalı müdafiəyə də kömək edirdi, ötürmələr də verirdi. Falkao isə ancaq topla olanda diqqət mərkəzinə düşürdü. Bundan başqa, komanda yoldaşım Serjao kimi “stolb” futzalda maksimum 3-4 nəfər olar. Yaxşı mübarizə aparırdı, 120 kiloqram çəkisi olmasına baxmayaraq, topun qarşısını kəsmək üçün özünü atırdı. Ondan topu almaq mümkün deyildi”.

Borisov karyerasını 2018-ci ildə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button