Futbol ictimaiyyəti 2020-ci ili necə xatırlayacaq? SORĞU

Artıq 2020-ci ili geridə qoymaq üzrəyik. Bu il bütün dünya, xüsusilə də, ölkəmiz üçün qarışıq, fərqli hadisələrlə yadda qalacaq. Koronavirus bəlası ilə başlayan il Vətən müharibəsində qazandığımız qələbənin yaşatdığı duyğularla bitəcək. Zarafat deyil, 44 gün ərzində bir çox hissləri yaşadıq, hər bir şəhərimizin, kəndimizin azad olunmasına sevindik, hər şəhid xəbərinə üzüldük. Bu il baş verənlər və pandemiya idmanı bir pillə geriyə atdı deyə bilərik. Bəs idman ictimaiyyəti üçün 2020-ci il nə ilə yadda qalıb? Bu sahənin nümayəndələri geridə qoymaqda olduğumuz ili necə xatırlayacaq?

Samir Abasov, “Neftçi”nin baş məşqçisi:

“Məncə, bu il bu sualın cavabı hər kəsdə eyni olacaq. Bu il bizim qələbəmizlə yadda qalacaq. Vətən müharibəsindəki qələbəmiz ən şanlı hadisə oldu. 2020-ci ili illərdir daşığımız ləkənin alnımızdan silinməsi ilə xatırlayacağıq. İdman, ya qeyri idman sahəsi, fərqi yoxdur, bu ilin ən unudulmaz hadisəsi bu oldu. Vallah, bu cür qələbələr bir günün, ya da 44 günün işi deyil. Bu, Azərbaycan xalqının ömür boyu xatırlayacağı qələbə oldu”.

Ayxan Abbasov, “Sumqayıt”ın baş məşqçisi:

“2020-ci ilin əvvəllərindən ölkəmiz virusla mübarizə aparır. Çempionat yarımçıq dayandırıldı. Payızda isə artıq vətən müharibəsi başladı, məncə, ən vacib hadisə də bu oldu. Torpaqlarımızı belə müharibə ilə geri almağımız heç vaxt unudulmayacaq. Ölkəmiz çətin vəziyyətlərdən keçdi, həm müharibə dövründə, həm də pandemiya səbəbiylə. Belə deyək, həm xoş xatirələr oldu, həm də üzüldüyümüz anlar oldu. Mənim üçün bu il qələbə, həm də koronavirusun təsiri ilə yadda qalacaq”.

Ceyhun Rayev, idman jurnalisti:

“Qarabağ müharibəsi, Vətən müharibəsi idman da daxil olmaqla hər şeyi arxa plana keçirdi. Bir də, AFFA İcraiyyə Komitəsinin Milan Obradoviç və Miloş Velebitlə yeni müqavilə imzalaması məni məyus etdi”.

Kənan Məstəliyev, idman jurnalisti:

“Heç şübhəsiz, torpaqlarımızın işğaldan azad edilməsi nəinki bu ilin, hətta deyərdim, son 60-70 ilin ən əlamətdar hadisələrindən biri, bəlkə də, birincisidir. Böyük, ölçüyəgəlməz dərəcədə dəyərli qələbə qazanmışıq. İdman diliylə desək, 2020-ci ilin dünya çempionuyuq! Mənim üçün geridə qalan il bu zəfərlə yadda qalacaq. Koronavirus pandemiyasını da unutmayaq. Dünyanı iflic edən, həyatımızı dəyişdirən və böyük bir zərbə vuran bu bəla bizi çox sarsıdıb. Ancaq Qarabağ qələbəsi bu çətinliyi mənəvi baxımdan daha rahat üstələmək imkanı verdi. Xalq olaraq bu bəlaya da qalib gəlib, daha işıqlı gələcək quracağımıza əminəm”.

Əfran İsmayılov, “Səbail”in futbolçusu:

“2020-ci ilə aid unudulmaz hadisə ancaq Vətən müharibəsindəki qələbəmiz oldu. Bu ili həmişə bu hadisəylə xatırlayacam. Bu qələbə, qələbənin sevinci nəsildən-nəslə ötürüləcək”.

Cavid Hüseynov, “Qəbələ”nin futbolçusu:

“Ən böyük hadisə torpaqlarımızın işğaldan azad edilməsi oldu. Bu tarixi qələbəyə bütün Azərbaycan xalqı sevindi və yaddaşımızda əbədi həkk olunan hadisəyə çevrildi. Bir tərəfdə bizə bu qələbəni daddıran şəhidlərimiz var, onlara rəhmət diləyirəm. Digər tərəfdən isə koronavirus amili hər kəsə təsir etdi. Bu xəstəlikdən dünyasını dəyişənlər oldu. Xəstə olanlara da Allahdan şəfa diləyirəm. İdmanla bağlı isə bu il doğma klubum “Qəbələ”yə qayıtmağımı fərqləndirə bilərəm. Bu da mənim üçün bir tarixdir, bir yaddaşdır. Çalışacağıq ki, 2021-ci ildə yaxşı nəticələr əldə edək”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button