“Legioner limiti götürülsə, bəlkə, “Qarabağ” da hər il Çempionlar Liqasının qrupunda ola bilər”
Futbol azarkeçi İlqar Həmzəyev açıqlama verib.
Komanda.az saytına danışan futbol fanatı, Azərbaycan Premyer Liqasında legioner limitinin klub futboluna təsiri ilə bağlı fikirlərini bildirib:
“Dünən “Şerif”in “Real”ı məğlub etdiyini gördüz. Moldova təmsilçisi meydana 11 əcnəbiylə çıxmışdı və qələbəsini qazandı. Bu, açığı, mənə pis təsir etdi. Bizdə də legioner limiti götürülsə, bəlkə, “Qarabağ” da hər il Çempionlar Liqasının qrupunda ola bilər.
AFFA deyir ki, bizim üçün piramidanın zirvəsi milli komandadır. Moldovalılar üçünsə əvvəlcə klub uğurudur. Yəni Moldova reytinqdə 180-ci sırada ola bilər, amma “Şerif” gedib Çempionlar Liqasında “Real”ı udur. Moldova reytinqdə 90 olsa nə olacaq, 180 olsa nə? İllərdir deyirik ki, legioner limiti aradan götürülsün. AFFA 6+5 sistemi tətbiq edib və deyir ki, milli komanda üçün futbolçu yetişsin.
Soruşuram, 1992-ci ildən müstəqil ölkəyik, hansı futbolçunu yetişdirib, Avropanın TOP-5 çempionatına göndərmişik? Futbolçu gərək xaricə çıxa, oynaya ki, püxtələşsin. AFFA Premyer Liqada iki-üç klubdan başqa, hər birinə maliyyə dəstəyi ayırır. Deyir ki, gedin, yerli futbolçu yetişdirin. Amma baxırıq ki, çempionatda “Qarabağ”dır, “Qəbələ”dir, “Neftçi”dir ki, legionerlə yaxşı çıxış edə bilir.
“Neftçi”nin baş məşqçisi Samir Abasov da dilə gətirir ki, legioner limiti aradan qaldırılsın. Bunu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov da üstüörtülü olsa da, dilə gətirir. Təkcə keçmişin futbol mütəxəssisləridir ki, limitin qalmasının tərəfdarıdır. Limit qalxsa, futbol da inkişaf edəcək.
Əvvəlcə milli yox, klub səviyyəsində inkişaf olmalıdır. Necə ki, “Şerif” legionerlərinin hesabına bu il Çempionlar Liqasında uğur qazanır, Madrid “Real”ını udur. “Şerif”in yerində “Qarabağ” da ola bilərdi. Moldovalıların belə uğuru mənə pis təsir edir”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin