“Futbol ənənələrini nəzərə alaraq, seçimimizi “Mingəçevir” üzərindən etdik” – ASTA-nın prezidenti
Birinci Liqada çıxış edən “Mingəçevir” klubu ilə “Azerbaijan Sport Talents Academy” (ASTA) arasında tarafdaşlıq müqaviləsi imzalanıb.
Komanda.az xəbər verir ki, ASTA-nın prezidenti Rafael Bunyatov daha sonra jurnalistlərin suallarını cavablandırıb. O, tərəfdaşlıq müqaviləsi imzaladıqları “Mingəçevir”lə bağlı planları açıqlayıb:
– Bildiyiniz kimi, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, həmçinin inzibati bölgələrdə idmanın müxtəlif növlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına böyük əhəmiyyət verir. Mingəçevir də futbol ənənələri olan şəhərlərimizdən biridir. Azərbaycanın ən yaxşı futbolçularının yolu bir zamanlar bu şəhərdən keçib. Şəhərdəki insanların futbola münasibətini və futbol ənənələrini nəzərə alaraq, seçimimizi “Mingəçevir” üzərindən etdik.
– Başqa variantlar da olub, yoxsa ilk gündən ancaq “Mingəçevir” variantının üzərində dayanmısız?
– Əlbəttə, başqa variantlar da var idi. Amma Futbolun İnkişaf Fondu ilə müvafiq məsləhətləşmələrdən sonra seçimimiz məhz 1-ci Liqada çıxış edən “Mingəçevir” oldu. Əsas məqsədimiz komandanın mövcud potensialını daha da gücləndirmək, qısa zaman kəsiyində hələlik daxili çempionatda rəqabət qabiliyyətli futbol oynayan, müasir tələblərə cavab verən bir komanda formalaşdırmaqdır.
– Mingəçevir”in qısa və uzunmüddətli hədəfləri nə olacaq?
– Qeyd etdiyim kimi, klubun tez bir zamanda təşkilati baxımdan yenidən qurulması, maddi-texniki bazasının və heyətinin gücləndirilməsi, 1-ci Liqada yuxarı yerlər uğrunda mübarizə aparacaq səviyyəyə çatdırılması qısamüddətli hədəflərimizə aiddir. Uzunmüddətli hədəflərə gəlincə, əlbəttə, Azərbaycan Premyer Liqasında çıxış etmək bizim üçün ən böyük uğur olardı.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin