“Dörd qol vurmaq üçün pulsuz da oynayaram”
Fransalı keçmiş hücumçu Cibril Sisse yenidən futbola başlamaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə ötən il karyerasını bitirən 38 yaşlı futbolçu özü açıqlama verib. Fransa mətbuatına danışan Sisse, Liqa 1-də 100 qol səddinə çatmaq üçün yenidən oynamaq istədiyini deyib:
“Hücumçuları bilirsiz, qol vurmağı və 10, 25, 75 kimi qol həddinə çatmağı sevirlər. Liqa 1-də 96 qolda qaldığım üçün 100-ə çatmaq istəyirəm. Bütün fikirlərim qalan 4 qolun yanındadır.
Liqa 1-ə qayıtmağa hazıram. Pul almadan da bir klubda 2-3 ay oynaya bilərəm. Bu vəziyyət klub üçün problem olmaz. Hazırda hansısa klubla ciddi danışığım olmayıb, ancaq təkliflərin olacağına inanıram”.
Karyerası ərzində “Oser”, “Marsel”, “Liverpul”, “Latsio”, “Sanderlend” kimi klublarda çıxış edən Sisse, 41 dəfə də Fransa yığmasının formasını geyinib.
Bizi Facebook-da izləyin