Fransa klubundan 28 milyon avroluq transfer
Fransanın “Renn” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi yarımmüdafiəçi Kristofer Vu ilə hücumçu Amin Quirini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Vu yeni klubu ilə 4, Quiri isə 5 illik müqavilə imzalayıb. “Nitsa”dan gələn Quiriyə görə klubuna 28 milyon, “Lans”dan transfer olunan Vuya görə isə 9 milyon avro ödənilib.
Amin Quiri Lion “Olimpik”inin yetirməsidir. 22 yaşlı futbolçu 2020-ci ildən “Nitsa”da çıxış edirdi. O, bu komandada 89 oyunda 28 qol vurub. Fransalı hücumçu bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.
Kristofer Vu isə “Nansi”nin yetirməsidir. O, “Lans”a 2021-ci ilin iyulunda azad agent kimi keçmişdi. 20 yaşlı müdafiəçi sözügedən klubun əsas komandasında ötən mövsüm 17 matça çıxıb. Fransada dünyaya göz açmış futbolçu, bu ildən Kamerun milli komandasında oynamağa başlayıb.
“Renn” hücumçusu Qaetan Labordu da “Nitsa”ya satıb. Klub bu keçidən 15 milyon avro qazanıb. 28 yaşlı forvard yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Fransalı futbolçu “Renn”ə ötən ilin yayında “Monpelye”dən məhz 15 milyon avroya transfer olunmuşdu. O, bu komandanın heyətində 47 oyuna çıxıb, 19 qol vurub. Fransanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq forvardı daha öncə “Bordo”, “Red Star”, “Brest” və “Klermon”da da forma geyinib.
“Renn”in yetirməsi Yann Qboho isə bu klubu azad agent kimi tərk edərək Belçikanın “Serkl Brügge” klubuna keçib. 21 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Fransalı yarımmüdafiəçi ötən mövsümü Niderlandın “Vitess” komandasında icarədə keçirmişdi.
Liqa 1 təmsilçisi yarımmüdafiəçisi Benjamin Buriqo ilə hücumçusu Martin Terryenin müqaviləsini də yeniləyib. Hər iki futbolçu yeni müqaviləyə əsasən 2026-cı ilin yayına kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək.
Terrye “Lill”in yetirməsidir. “Strasburq” və Lion “Olimpik”ində də oynamış 25 yaşlı futbolçu, 2020-ci ildən oynadığı “Renn”də 89 oyuna 32 qol vurub. O, Fransanın aşağı yaşı qrupları üzrə yığmalarında da forma geyinib.
Buriqo isə “Lans”ın yetirməsidir. 28 yaşlı futbolçu 2017-ci ildən “Renn”də forma geyinir. Fransız yarımmüdafiəçi bu komandada 225 oyuna çıxıb, 42 qol vurub.
“Renn” Loik Badeni (22 yaş, müdafiəçi) “Nottingem Forest”ə, Lum Çaunanı (18 yaş, hücumçu) “Dijon”a, Seru Girassini (26 yaş, hücumçu) isə “Ştutqart”a icarəyə göndərib. Onların hamısı mövsümün sonuna kimi icarədə olacaqlar.
Bizi Facebook-da izləyin