
“Ter Ştegenin əvvəlki səviyyəsinə qayıtması üçün hər cür dəstəyi göstərəcəyik”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın qapıçısı Mark-Andre ter Ştegenlə münasibətlər və yaranmış narazılıqlar barədə açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, klubun gələcəyi üçün seçdikləri yanaşmanı və ünsiyyətdəki çatışmazlıqları dəyərləndirib:
“Xuan Qarsiyanın şəxsində çox gənc, istedadlı və yüksək səviyyədə çıxış edən bir qapıçı qazandıq. Biz birlikdə qərara gəldik ki, o, “Barselona”nın gələcəyidir. Bu səbəbdən, hansı yanaşmanı seçəcəyimiz bizim üçün aydın idi”.
Bununla yanaşı, baş məşqçi, Ter Ştegenlə olan ünsiyyətdə hər şeyin problemsiz olmadığını da etiraf edib:
“Markla ünsiyyət məsələsində hər zaman hər şey ideal olmayıb… Düşünürəm ki, bir çox şeyi – o cümlədən öz tərəfimdən yaxşılaşdırmaq mümkündür. Mənim üçün önəmli olan odur ki, onunla klub bir-birinə daha da yaxınlaşsın və səmimi dialoq aparsınlar. İndi əsas məsələ odur ki, Mark geri dönsün (zədədən). O, dünyanın ən yaxşı qapıçısıdır! Onun əvvəlki səviyyəsinə qayıtması üçün biz hər cür dəstəyi göstərəcəyik”.
Ter Ştegen son zamanlar “Barselona” ilə müəyyən narazılıqlar yaşayır. Klub, onun La Liqa kapitanları ilə birlikdə ABŞ-da oyunlara qarşı imzaladığı bəyanatdan narazı qalıb. Maraqlıdır ki, qapıçı həmin sənədin konkret məzmunundan xəbərsiz olduğunu bildirib. Bütün bunlara baxmayaraq, o, yenidən “Barselona”nın kapitanı təyin olunub.
Bizi Facebook-da izləyin



