Flik: “Əminəm ki, biz də PSJ kimi oynaya bilərik”

“Barselona” UEFA Çempionlar Liqasının 2-ci turunda doğma meydanda PSJ ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Kataloniyalılar oyunda hesabı açsalar da, üstünlüyü qoruya bilməyiblər. Paris təmsilçisi həlledici qolu 90-cı dəqiqədə vuraraq üç xalı öz hesabına yazıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının oyununu dəyərləndirib:

“Tam əminəm ki, biz də PSJ kimi oynaya bilərik, amma oyun 90 dəqiqə davam edir. Bütün komanda işləməli, hər kəs müdafiəyə kömək etməli, boş zonalardan istifadə etməli, topa sahib olmalıdır. PSJ-də hamı top almaq istəyirdi, zonalardan məharətlə istifadə edir, birə-bir vəziyyətləri qazanırdı. Bizim də bunu öyrənməyimiz vacibdir. Hər şeyi düzgün etsəydik, qələbə bizim olardı”.

İki turdan sonra “Barselona”nın hesabında 3 xal var. Kataloniyalılar növbəti oyunda, oktyabrın 21-də evdə Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button